Moskva: Şeremetyevo aeroportunda baş vermiş təyyarə qəzası barədə nə məlumdur?

Şəklin mənbəyi, Getty Images
Bazar günü axşam saatlarında Moskvadan Murmanska uçan Aeroflot Hava Yollarının Sukhoi Superjet 100-95 təyyarəsi qəzaya uğrayıb.
"Şeremetyevo aeroportunda təyyrarə havaya qalxdıqdan qısa müddət sonra təcili eniş edib və bu zaman alovlanmağa başlayıb.
Rusiyanın Səhiyyə Nazirliyi bildirib ki, qəza nəticəsində 41 nəfər ölüb, 37-si sağ qalıb.
Nazirlik qeyd edib ki, 9 nəfər xəstəxanaya yerləşdirilib. Daha 14 sərnişinə isə tibbi yardım göstərilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva BBC News Azərbaycancaya bildirilib ki, Şeremetyevo qəzasında ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Rusiya rəsmilərinin Superjet təyyarələrinin istifadəsindən imtina edəcəyi söylənsə də, hələlik rəsmi qərar yoxdur.

"Təyyarəni ildırım vurub"
Təyyarədən sağ çıxan sərnişin Dmitriy Xlebuşkin jurnalistlərə deyib ki, təyyarəni ildırım vurub.
O, "ağ işıq partlayışı" gördüyünü deyib.
Sərnişin Aeroflot Hava Yollarının qəza reysində sərnişinlərə münasibətindən narazılığını bildirib.

Şəklin mənbəyi, MSKAGENCY
Təyyarə modelindən imtina
İnterfaks agentliyinin mənbəyi deyib ki, belə bir qərar qəbul edilməyib: "Bu model təyyarələrdən istifadə qərarı hələ ki, yoxdur. İlk öncə hadisənin səbəblərini müəyyənləşdirmək və ancaq bundan sonra təyyarənin gələcək istifadəsi haqda nəticə çıxarmaq lazımdır".
Mənbə bildirir ki, təyyarə havaya qalxdıqdan sonra təyyarənin yerlə radioəlaqəsi itib və bundan sonra təyyarə yanacaq dolu çəni ilə yerə enməyə məcbur olub.
Dolu çənlə yerə eniş təhlükəli olsa da, Moskva üzərindən manevr edərək yanacağı azaltmaq da təhlükəli hesab edilib.
Mənbə ehtimal edir ki, təyyarənin quyruq hissəsindəki sərnişinlərin ölümü bir neçə sərnişinin əşyalarını götürmək cəhdləri ilə bağlı ola bilər.
Videogörüntülərdə görünür ki, insanlar təyyarəni əşyaları ilə birgə tərk edir. Bəzi hallarda isə bu əşyalar kifayət qədər böyük idi.
Aeroflot Hava Yollarının nümayəndəsi Maksim Fetisov deyib ki, təxliyyənin norması 90 saniyə olsa da, 55 saniyəyə başa çatıb.
Bir çox hallarda sərnişinlərə bildirilir ki, təxliyyə zamanı şəxsi əşyaları özləri ilə götürməsinlər.
Aeroflot Hava Yolları Superjet modelini "təhlükəsizliyi ən az" təyyarələrdən hesab edir.
Murmansk vilayətində qəza ilə bağlı üç günlük matəm elan olunub.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X






















