Antisemitizm və antisionizm nəyi ifadə edir?

Livingstone deyir ki, antisemitizmi İsrail dövlətinin fələstinlilərlə rəftarının tənqidi ilə eyniləşdirmək olmaz
Şəklin alt yazısı, Livingstone deyir ki, antisemitizmi İsrail dövlətinin fələstinlilərlə rəftarının tənqidi ilə eyniləşdirmək olmaz
Çap edildi

Britaniyanın müxalifətdə olan Leyborist Partiyasında antisemitizm və antisionizm barədə mübahisələr ölkə mediasının gündəminə gəlib. Lakin görəsən, bu iki termin – antisemitizm və antisionizm nəyi ifadə edir?

Keçmiş London meri Ken Livingstone İsrail barədə bir neçə qeydləri ilə bağlı Leyborist Partiyasının sıralarından xaric edilib. O, radioya müsahibəsində demişdi ki, Hitler hələ Holokost baş verməmişdən əvvəl sionizmi dəstəkləyirmiş.

Başqa bir leyborist millət vəkili Naz Shah da partiya sıralarından çıxarılıb. O isə, hələ parlamentə seçilməkdən əvvəl, bir sıra başqa şərhlərlə yanaşı, həm də demişdi ki, İsraili Birləşmiş Ştatlara köçürmək lazımdır.

Bunlardan başqa Milli Tələbə İttifaqının prezidenti Malia Bouattia da sionistlər barədə bəyanatlarına görə kəskin tənqid atəşinə tutulub. Yəhudi icmasından olan bir çoxları deyirlər ki, “sionist” sözünün təhqir kimi işlədilməsi yəhudilərə qarşı milli nadanlıq və irqçilik dalğasının gücləndiyindən xəbər verir.

Lordlar palatasının üzvü leyborist lord Levy BBC-nin Newsnight proqramına deyib: “Əlbəttə İsrail dövlətini tənqid etmək olar, lakin antisemitizmə, habelə “sionist” sözünün təhqir kimi işlədilərək antisemitizmin başqa formasına çevrilməsinə, açıq deməliyəm ki, daha dözülə bilməz”.

Livingstone da daxil bir başqaları isə mübahisə edirlər ki, antisemitizm və antisionizmi bərabərləşdirmək olmaz. Belələri deyirlər ki, İsrail dövlətinin haqlı tənqidini şişirdərək antiyəhudi xürafatına çevirmək düzgün deyil. Lakin antisionistlərin tənqidçiləri bu qənaətdədirlər ki, bəzən İsrailin kəskin tənqidi həddini aşaraq siyasi fikir ixtilafı olmaqdan çıxır və beləliklə də İsrail dövlətinin varlığını qeyri-legitimləşdirir.

The Daily Politics adlı proqamda çıxış edən keçmiş London meri deyib: “Antisemitizmi İsrail dövlətinin fələstinlilərlə rəftarının tənqidi ilə eyniləşdirməyin”.

Bu, emosiyaları yüksəldən bir polemikaya çevrilib. Burası da bir həqiqətdir ki, sionist olmaqla yəhudi olmaq sinonim sözlər deyil.

Naz Shah bir sıra başqa şərhlərlə yanaşı, həm də demişdi ki, İsraili Birləşmiş Ştatlara köçürmək lazımdır.
Şəklin alt yazısı, Naz Shah bir sıra başqa şərhlərlə yanaşı, həm də demişdi ki, İsraili Birləşmiş Ştatlara köçürmək lazımdır.

Məsələn, bir sıra sionistlər İsrail dövlətini Qərb sahilinin işğalına, hökumətin Qərb sahili ətrafına çəkdiyi beton hasara, işğal olunmuş ərazilərdə yəhudi məskənlərinin salınmasına görə tənqid edir və bunları beynəlxalq qanunlara zidd sayırlar. Bütün bu tənqidlərlə İsrail razılaşmır.

Belə bir hallar da olub ki, yəhudi müxalifəti sionist hərəkatı tənqid edib. Halbuki sionist hərəkatı yəhudilər üçün vətən sayılan İsraili hələ bu dövlət 1948-ci ildə yaradılandan əvvəl qurmaq arzusu ilə yaşayıb. Bu gün Neturey Karta kimi ortodoks qruplar İsrail dövlətini tənqid edirlər, çünki onların inanclarına görə İsrail dövləti yalnız peyğəmbərin təkrar zühuru ilə qurulacaq.

Eyni zamanda bəziləri bu qənaətdədirlər ki, sionizm Qərb dövlətləri və ABŞ xristianları da daxil, bir çox qeyri-yəhudilər tərəfindən yaradılmış siyasi layihədir. Lakin bu da həqiqətdir ki, geniş mənada bəzi dairələrdə sionist sözü yəhudi sözünün sinonimi kimi başa düşülür və yəhudi xalqına qarşı təhqirlər antisionist leksikonla ifadə olunur.

Bradford şəhərinin keçmiş meri Xədim Hüseyn özünün Facebook postunda “Hitler tərəfindən öldürülmüş 6 milyon sionist” ifadəsini işlətdikdən sonra leyborist Partiyasının sıralarından xaric edilib. Oxford Universiteti leyborist klubunun keçmiş həmsədri Alex Chalmers deyir ki, klubun bir çox üzvləri “sio” hecalı sözləri onların etnik təhqir forması olduğunu bilə-bilə işlədirlər.

Bouattia isə ona görə tənqidlərə tuş olub ki, 2011-ci ildə Fələstinin Dostları saytına yazdığı bloqda Birmingham Universitetini “Britaniyanın ali təhsil sistemində sionist forpostu” adlandırmışdı. O həmçinin bir sıra “sionist təsiri altında olan mediaları” da tənqid etmişdi.

Bu gün Neturey Karta kimi ortodoks qruplar İsrail dövlətini tənqid edirlər, çünki onların inanclarına görə İsrail dövləti yalnız peyğəmbərin təkrar zühuru ilə qurulacaq.
Şəklin alt yazısı, Bu gün Neturey Karta kimi ortodoks qruplar İsrail dövlətini tənqid edirlər, çünki onların inanclarına görə İsrail dövləti yalnız peyğəmbərin təkrar zühuru ilə qurulacaq.

Belə iddialar da var ki, atisemitizmin tənqidindən bəzən İsrail dövlətini pisləyənləri susdurmaq üçün istifadə edilir. Məsələn, “Mançester Yəhudiləri Fələstinlilər üçün Ədalət istəyir” kampaniyasından Pia Feig BBC Radio 2-nin Jeremy Vine proqramına deyib ki, “mənim və başqa insanların fələstinlilər üçün narahatlığını susdurmaq məqsədilə antisemitizmdən güclü istifadə olunur”.

Livingstone-un partiyadan xaric edilməsinin ardınca Yəhudi Sosialist Qrupu bəyan edib ki, antisemitizmdən Leyborist Partisanın rəhbəri Jeremy Corbyn-in liderliyinə qarşı silah kimi istifadə edilir. Bundan başqa İsraili dəstəkləyənlər belə bir sual edirlər ki, nə üçün insan haqlarının vəziyyətinə görə İran, Rusiya və Çin deyil, İsrail dövləti tənqid edilir. Baronessa Julia Neuberger Jeremy Vine radio şousuna deyib ki, antisionizm yəhudilərin də başqa xalqlar kimi öz müqəddəratını təyin etmək hüququna malik olmamasının ifadəsidir.

Conservative Home məcmuəsinin yazarı Mark Wallace bildirir ki, bu cür yanaşma praktikada İsrail dövlətinin yer üzündən silinməsinə yol verilməsi və ya İsrail yəhudilərinin evlərindən və vətənlərindən deportasiya edilməsinə bərabər olardı.

Bəzi antisionistlər isə iddia edirlər ki, sionizmin özü irqçi ideologiyadır və buna görə də İsrail dövləti fələstinlilərlə pis rəftar edir. Fələstin uğrunda Həmrəylıik kampaniyası isə bəyan edib ki, o antiyəhudi xürafatı və “İsrail dövlətinin aparteid və sionist təbitəti” də daxil iqrçiliyin bütün formalarına qarşı çıxır. Bu da qeyd edilməlidir ki, Fələstin Həmrəyliyinin özü də vaxtilə antisionizmdə ittiham edilib.

Bütün bunlara baxmayaraq antisemitizm Britaniyanın Leyborist Partiyasını silkələməkdə davam edir. Parlament üzvlüyünə namizəd Vicki Kirby Tvitterdə Hitleri “Sionist Allahı” adlandırdıqdan sonra namizədliyini geri götürməyə məcbur edilib. Gerry Downing isə “Amerika və Avropanın hakim elitalarındakı sionist siyasətçilərdən” söz açdığına görə partiyadan qovulub.