5 fotoda: "Azərbaycan Camaşırxanası", Myanmada zorakılıq, Lütfi Zadə vəfat etdi...
Bu həftə Azərbaycan və dünyada baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Şəklin mənbəyi, Getty Images
1. Azərbaycanın hakim elitası avropalı siyasətçilərə ödənişlər etmək və lüks əşyalar almaq üçün iki il ərzində 2.8 milyard dollarlıq (4.76 milyard AZN) gizli fondu idarə edib, yeni təhqiqatda deyilir.
Prezidentin Mətbuat Xidməti araşdırma ilə bağlı bildirib ki, "nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adı çəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur".

Şəklin mənbəyi, LIONEL CHAMOISEAU/ Getty
2. İrma qasırğası Karib hövzəsində binaları xarabalıqlara çevirməklə və azı on nəfərin ölümünə səbəb olmaqla genişmiqyaslı dağıntılara səbəb olub.
Bu, Kariblərdə son on ilin ən güclü qasırğası hesab olunur və sürəti saatda 285 kilometrə çatıb.

Şəklin mənbəyi, R. ASAD/ Getty
3. Myanmanın Rakxayn vilayətində zorakılıqlar başlayandan, Myanmadan qaçan Rohinca müsəlmanların sayı 123 minə çatıb. BMT-nin bildirdiyinə görə, Myanmadan Banqladeşə pənah gətirən Rohinca qaçqınlarının sayı kəskin artıb.
Münaqişə Rohinca silahlılarının polisə hücumundan sonra başlayıb. Həmin hücumdan sonra Myanma hərbiyyəsi rohincalara qarşı əməliyyatlar keçirib, nəticədə, müsəlman azlığın təmsilçiləri kəndlərini tərk etməli olub.

Şəklin mənbəyi, Azərbaycanın Los Angelesdəki konsulluğu/Facebook
4. Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə vəfat edib, bu barədə Azərbaycanın Los Angelesdəki konsulluğu Facebook səhifəsində məlumat yayıb.
Riyaziyyatçı, kompüter alimi, elektrik mühəndisi, süni zəka araşdırmaçısı və Kaliforniyadakı Berkeley Universitetində kompüter elmi üzrə əməkdar professor Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda doğulub.

Şəklin mənbəyi, PA
5. Cambridge hersoqu və hersoqinyası üçüncü körpəni gözlədiklərini bildirblər. Onların iki uşağı var - George-un 4, qızları Charlotte-un isə 2 yaşı var.
"Kraliça II Elizabeth və hər iki ailənin üzvləri bu xəbəri eşitməkdən məmnundurlar ", - deyə Kensington iqamətgahı tərəfindən yayımlanan məlumatda bildirilir.




















