On minlərlə insan Hrant Dink üçün yürüşə çıxıb

Şəklin mənbəyi, AP
Erməni əsilli jurnalist Hrant Dinkin Agos qəzetinin binası önündə öldürülməsinin beşinci ildönümü günü İstanbul izdihamlı anım yürüşü keçirilib.
19 yanvar 2007-ci il tarixində öldürülmüş Hrant Dinkin yaxınları və dostlarının çağırışı ilə keçirilən yürüş üçün Taksim meydanında toplaşan və Agos qəzetinin binasına doğru yürüyən minlərlə insan türk və erməni dillərində "Hepimiz Hrantız, "həpimiz erməniyiz" yazılmış plakatlar daşıyıb və şüarlar qışqırıblar.
İzdihamın başında Hrant Dinkin həyat yoldaşı Rakel Dink və uşaqları yer alıb. Siyasi partiyalardan BDP və CHP nümayəndələri, sənətçilər, yazıçılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və əsgərlikdə yoldaşının tüfəngindən atılmış güllə yarasından ölən erməni əsilli əsgər Sevag Şahin Balıkçının ailsəi də Hrant Dinki anma yürüşünə qatılıb.
Hrant Dinkin ailəsi və dostları Agos qəzeti binası önündə onun vurulduğu yerə qərənfillər düzüb.
Anma törənində Hrant Dinkin sevdiyi erməni musiqiləri çalınıb və şüarlar səsləndirilib. Hrant Dinkin öldürüldüyü saat olan 15.00-da sükut dəqiqəsi keçirilib.
Yazıçı Karin Karakaşlı Türkiyədə öldürülmüş ermənilərin isimlərini oxuyarkən, izdiham bir ağızdan "burada!" deyə bağırıb.
Ankarada da bir qrup CHP-çi gənc jurnalistin xatirəsinə etiraz nümayişi keçirib.




















