Britaniya şirkətinin Azərbaycanda 1 milyon funtluq abidəsi

Şəklin mənbəyi, BBC World Service
İngiltərənin Lancashire şəhərində yerləşən tikinti şirkəti Azərbaycan prezidenti üçün 1 milyon funt sterlinq dəyərində abidə ucaldıb.
TP Aspinall and Sons şirkəti Alov Fəvvarəsi abidəsini dekabr ayında prezident İlham Əliyevin ad gününədək tamamlayıb.
30 metr hündürlüyü olan abidə Bakıya 10 yük maşınında gətirilib və maşınlar 4800 km məsafə qət edib.
Şirkətin direktoru Simon Aspinall deyir ki, 10 günlük yolçuluq "möhtəşəm səyahət" idi.
"Vaxtımız məhdud idi, hissələr maşınlara yerləşmirdi, ona görə də adamımızı 21 bağlama əlavə yüklə təyyarə ilə Bakıya göndərdik" - o, əlavə edib.
Paslanmayan poladdan olan abidə üç spiralvari hissədən ibarətdir, şüşədəndir, işıq və su funksiyaları var. Abidə böyük fəvvarə hovuzunda yerləşir.
Cənab Aspinall deyir ki, abidənin düzəldilməsi üçün bağlanmış müqavilə şirkət üçün mühüm əhəmiyyət kəsb edirdi, çünki şirkət iqtisadi böhran nəticəsində son illərdə 120 işçi sayını 40-dək azaldıb.
O, deyib: "Biz iyul ayından bəri bu layihənin üzərində işləmişik".
Aspinall Bakıda daha artıq layihələr həyata keçirəcəyinə ümid etdiyini deyib.
























