Beynəlxalq nüvə müfəttişləri Tehrana gəliblər

Şəklin mənbəyi, AFP
Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmaq üçün Tehrana gəliblər.
Onların İrana səfəri 3 gün çəkəcək.
Nümayəndə heyətinın qarşısında duran əsas məsələ İranın nüvə proqramının məqsədini müəyyən etməkdir.
Bu dəfəki Agentlik nümayəndə heyətinin səfəri İranla Qərb ölkələri arasında Tehranın nüvə proqramına görə gərginliyin artdığı dövrə təsadüf edir.
Agentliyin baş direktor müavini Qerman Nakaertsin başçılıq etdiyi nümayəndə heyətinin İranda bir sıra görüşləri gözlənilir.
"Biz ümid edirik ki, İran bizimlə əməkdaşlıq edəcək və narahatlığımıza ciddi yanaşacaq", - Nakaerts deyib.
ABŞ və bir sıra Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında nüvə silahı hazırlamaqda günahlandırırılar.
Tehran bütün ittihamları rədd edərək bəyan edir ki, onun nüvə proqramı dinc məqsədlərə xidmət edir.
Agentlik yanında İranın rəsmi təmsilçisi Əli Əsgər Soltaniye bildirib ki, müfəttişlərin səfəri "düşmən niyyətlərin" qarşısını alacaq və İranın nüvə proqramının sülh məramlı olduğunu sübut edəcək.
























