Türkiyəyə qaz verilişi tədricən bərpa edilir

Şəklin mənbəyi, AFP
Şah Dəniz qaz yatağında çərşənbə axşamı aparılan profilaktik texniki tədbirlərdən sonra hasilata başlanılıb.
Yataqda hasilat işlərini aparan “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı BBC Azərbaycancaya bildirib ki, hasilat gün ərzində tədricən yüksələcək.
Türkiyəyə dayandırılmış qaz hasilatına gəldikdə isə, bu da, tədricən bərpa ediləcək.
“Daha sonra Səngəçal terminalından normal ixrac əməliyyatlarına başlanılacaq.
Normal hava şəraiti olsaydı daha tez bərpa edilə bilərdi”, Bayatlı bildirib.
Bazar ertəsi axşama doğru Azərbaycan qazının Şah Dəniz yatağından Türkiyəyə ixracını dayandırılıb.
Səbəb isə yataqdakı platformanın elektrik enerjisi təchizatı sistemində əvvəlcədən planlaşdırılmış profilaktik işlər aparılması olub.
İşlər nəticəsində platformanın avtomatik elektrik dayandırma sistemi işə düşüb və platformadakı bütün əməliyyatlar dayandırılıb.
Şah Dəniz yatağından gündə 25 milyon kub metr qaz istehsal olunur.
























