Bəxtiyar Hacıyevin azad edilməsi üçün Harvard məzunları ABŞ-dan kömək istəyir

Çap edildi

Gənc fəal və keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə edən komitə bu dəfə dövlət katibi Hillary Klintona müraciət imzalayır.

ABŞ komitəsi üzvləri Klintondan prezident İlham Əliyevə “təsir göstərməsini” istəyir.

Harvard tələbə və məzunları, müəllim və professor heyəti tərəfindən imzalanan sənəddə qeyd edilir ki, Hacıyev “demokratik ideyaların və ədalətin təmin edilməsi üçün dərindən çalışıb”.

Onlar Hacıyevin həbsinin “siyasi motivli olduğunu” və beynəlxalq təşkilatların onu “vicdan məhbusu” kimi tanınmasını vurğulayaraq bildiriblər ki, “bir həftə sonra keçiriləcək Apellyasiya məhkəməsindən əvvəl Klinton Azərbaycan hökümətinə müraciət ünvanlasın”.

Harvard məzunları bir müddət öncə də, prezident İlham Əliyevə “Bəxtiyar Hacıyevi azad etməsi üçün” 823 imzalıq müraciət göndərib.

Fevralın 20-də Hacıyevin vaxtından əvvəl həbsdən azad edilmək üçün qaldırdığı apellyasiya şikayətinə baxılacaq.

Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də həbs olunub.

Mayda isə Gəncə məhkəməsinin hökmü ilə fəal 2 illik azadlıqdan məhrum edilib.

Məhkəmə onu qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə təqsirli bilib.

Amnesty İnternational”, “Human Rights Watch” və bir çox başqa beynəlxalq təşkilatlar onun həbsini sifarişli hesab edir.