Əsgər ölümünə görə hərbi hissənin rəhbərləri cəzalanıb

Cəsur Sümərinli hərbi işçilərin cəzalandırılmasını "müsbət hal" hesab edir. (Milaz.info)
Şəklin alt yazısı, Cəsur Sümərinli hərbi işçilərin cəzalandırılmasını "müsbət hal" hesab edir. (Milaz.info)
Çap edildi

On gün əvvəl əsgər Mehman Əmiraslanovun özünə qəsd etməsi ilə bağlı olaraq hərbi qulluqda olduğu hissənin rəhbərləri haqqında ölçü götürülüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BBC Azərbaycancaya verilən məlumata görə, komandir mayor Əhmədov Etibar xidməti vəzifəsini dürüst və layiqincə yerinə yetirmədiyinə və buraxdığı digər nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

Qərargah rəisi polkovnik-leytenant Məcidov Vüqar barəsində intizam qaydasında cəzalandırılıb. Bölük komandiri, baş leytenant Babayev Nihad isə haqqında cinayət işi qaldırılaraq vəzifəsindən uzaqlaşdırılıb.

Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu deyir ki, məsələ ilə bağlı nazir general-polkovnik Səfər Əbiyev xüsusi əmr verib.

“Nazir ciddi ölçülər götürərək onları vəzifəsindən uzaqlaşdırıb”.

Sabiroğlu deyir ki, məsələnin təfərrüatları hələ dəqiq bəlli deyil: “Bildiyimiz odur ki, belə bir hərəkət baş verib, amma niyə və necə baş verib bunları hərbi prokurorluq araşdıracaq”

Ekspert rəyi

“Doktrina” Jurnalist Hərbi Araşdırmaları Mərkəzinin rəhbəri Cəsur Sümərinli bu hadisəni “müsbət bir hal kimi” qiymətləndirir.

“İndiyə qədər bütün cinayət işləri barədə belə çevik reaksiya olsaydı, itkilər çox olmazdı”. Sümərinli keçən il orduda itkilərin 97 olduğunu da xatırladır.

1992-ci il təvəllüdlü əsgər Əmiraslanov fevralın 4-də Ağdamda yerləşən “N” saylı hərbi hissədə özünə qəsd edib.