Təhsil Nazirliyi "repetitorluğa qarşı" addımlar atmağı düşünür

Azərbaycanda orta təhsil müddəti bir il artırıla bilər.
Təhsil naziri Misir Mərdanov düşünür ki, bunun vasitəsilə “bu gün Azərbaycan cəmiyyətində çox ciddi problem olan repetitorluğun qarşısına müəyyən bir sədd çəkilə” biləcək.
APA xəbərləyir ki, Mərdanov 12 illik təhsilə keçilərsə, bunun on ilinin icbari olacağını deyib:
“Qalan 2 illik təhsili isə şagirdlər əsasən, ali məktəblərə gedərkən verəcəkləri qəbul imtahanları üzrə hazırlaşacaqlar”.
Nazirin fikrincə, repetitorluq "təhsilə, müəllimlərə və millətə ziyan gətirir":
“Yaxşı müəllimlər məktəbi atıb, gedib repetitorluq edirlər”.
Təhsil rəsmisi onu da bildirib ki, dünyanın 90 ölkəsində tətbiq olunan sistemin bizdə də olması üçün “Təhsil haqqında” qanun dəyişilməlidir.
Repetitor fikri
Fuad Şahbazov universitetə daxil olmaq üçün həm repetitor yanına gedib, həm də repetitor kimi çalışıb.
BBC Azərbaycancaya müsahibəsində bildirir ki, əslində repetitorluq “ciddi problem” deyil.
“Bütün dünya ölkələrində bu tip sistem var, repetitorun rolu vacibdir. Türkiyədə, Baltikyanı ölkələrdə, Yaponiyada və Avstraliyada kolleci bitirən gənclərə yardım və istiqamət göstərmək üçün xüsusi repetitor hazırlıq mərkəzləri mövcuddur”.
Şahbazov deyir ki, bizdə bu problem ifrata varıb:
“Bizim gənclər üçün repetiror lap vacibdir, çünki 11-ə çatan uşaqda "Dərsə getməyim”- deyə psixi durum əmələ gəlir”.
Həmçinin “müəllimlərin də uşaqlara biznes vasitəsi kimi baxdığını” deyir Şahbazov:
“Yanıma gələr hazırlaşar prinsipi ilə yanaşırlar gənclərə”
Onun fikrincə, nazirlik təhsili 12 illik etməkdənsə, uşaqların məktəbə olan marağını artırmalıdır.
“Bunun qarşısını alsalar belə, yenə də repetitor bir müddət lazım olacaq.”
























