"Eurovisiondan sonra Azərbaycanda söz azadlığının vəziyyəti pisləşir"
Azərbaycan üçün Beynəlxalq Tərəfdaşlıq Qrupu (İPGA) Azərbaycan hakimiyyətinin ifadə və informasiya azadlığını məhdudlaşdırmaq səylərini pisləyir. Bu barədə ARTİCLE 19 təşkilatı tərəfindən koordinasiya olunan qrupun bəyanatında deyilir.
Sərhədsiz Reportyorlar təşkilatının yaydığı bəyanatda bildirilir ki, Eurovision Mahnı Müsabiqəsindən sonra hakimiyyət onu tənqid edən jurnalistləri və fəalları hədəfə alıb və beynəlxalq informasiya azadlığı prinsiplərinə zidd olan qanunvericilik qəbul edib.
"IPGA Azərbaycanda ifadə azadlığının Eurovision Mahnı müsabiqəsindən sonra kəskin pisləşən həyəcandoğurucu vəziyyətilə bağlı dərin narahatlıq keçirir" - bəyanatda deyilir və Azərbaycan hökumətindən vəziyyəti düzəltmək üçün təcili tədbirlər həyata keçirmək tələb olunur.
Bəyanatda bildirilir ki, ifadə azadlığı hüququndan istifadə etdikləri üçün tutulmuş və ya həbsə atılmış şəxslər, o cümlədən İlham Əmiraslanov, Anar Bayramlı, Ramin Bayramov, Vüqar Qonağov, Zaur Quliyev, Şahin Həsənli, Vidadi İskəndərov, Aydın Caniyev, Taleh Xasməmmədov, Hilal Məmmədov, İlham Süleymanov və Əvəz Zeynallı dərhal və şərtsiz azadlığa buraxılmalı, İlham Əmiraslanova polisin verdiyi işgəncəyə dair iddialar beynəlxalq standartlara uyğun araşdırılmalı və günahkarlar ədalət məhkəməsi qarşısına çıxarılmalıdır.
10 beynəlxalq media və insan haqları təşkilatının imzaladığı bəyanatda həmçinin tələb edilir ki, Mehman Hüseynov və Oqtay Gülalıyev haqqında siyasi motivli ittihamlara son qoyulsun, İdrak Abbasov və Xədicə İsmayılovaya qarşı hücumlarla bağlı istintaq səyləri ikiqat gücləndirilsin və günahkarlar ədalət qarşısına çıxarılsın.




















