İranlılar neft embarqosu haqda nə düşünür?

Çap edildi

ABŞ-ın İrandan neft idxal edən ölkələrə qoyduğu sanksiyaların növbəti raundu bu həftə qüvvəyə minir. Tehranın nüvə proqramına son qoymasına çalışan ABŞ və Avropa İttifaqı İranın neft ixracı ilə bağlı bəzi ciddi tədbirlər görüb.

Bəs iranlılar ABŞ-ın son embarqosu haqda nə düşünür? BBC Fars xidməti İran daxilində və xaricdə yaşayan iranlılardan iqtisadi vəziyyətləri və İranın sanksiyalar rejimi altında necə tab gətirəcəyi barədə fikirlərini soruşub.

Esfəndiyar, Təbriz

Mən təqaüdə çıxmış hökumət işçisiyəm. Təqaüd gəlirim yaşayış xərclərimi ödəməyə kifayət etmir, ona görə də, öz maşınımdan lisenziyasız taksi kimi istifadə edirəm. Sanksiyalar əsasən adi insanlara təsir edir, hökumətə yox. ABŞ deyir ki, insan haqlarını müdafiə edir - İran xalqına belə təzyiqlərlə bu necə mümkündür? İran ABŞ-ın mövqeyini qəbul etməyəcək. Bütün dünya bilir ki, İran nüvə silahı düzəltmir, İran sadəcə ABŞ-a qarşı çıxmaq və bununla hamıya göstərmək istəyir ki, Amerikaya zidd gedə bilər. Iran son 10 ildə göstərib ki, düşmənçi münasibəti qəbul etmir. ABŞ düşmənçiliyi dayandırmasa, İran heç nə qəbul etməyəcək.

Şapur, London

Mənim adım Şapurdur və mən Londonda yaşayıram. Məncə Avropa İttifaqı və ABŞ sanksiyaları artırmaqla düzgün edirlər. Mən bir dəfə İranda yaşayan qohumuma pul göndərmək istədim. Banka getdim və kağızları doldurdum. Növbəti gün məni çağırdılar ki, ABŞ sanksiyalarına görə pulu transfer edə biləməyəcəklər, çünki bank sistemləri artıq əlaqələri kəsib. Yəni, mən özüm sanksiyaların təsirinə belə məruz qalmışam. Ancaq buna görə, Aİ və ABŞ-ı günahlandırmamalıyıq. Günahkar İran hökumətidir ki, belə problemlər yaradır.

Əmir, İsveçrə

Mənim 41 yaşım var və İsveçrədə yaşayıram. İrana qarşı sanksiyaların genişləndirilməsinin parlaq gələcək vəd etdiyini deyə bilmərəm. Sanksiyalar İran hökumətini durdurmayacaq, yalnız adi insanların həyatına təsir edəcək. Bəzi malların qiymətinə təsir edəcək ki, bu da ticarətçilər üçün sərfəlidir. Mən çox narahatam. Belə getsə, İran da növbəti Şimali Koreya olacaq. Ölkədə güclü kasıblıq və aclıq olacaq. Nüvə imkanlarına malik çox kasıb ölkə. Sanksiyaları tətbiq edənlər də bilir ki, onlar İran hökumətini əməlindən çəkindirməyəcək. Güdaza gedən kasıblar olacaq.

Pəri, Tehran

60 yaşım var, təqaüdə çıxmış elm adamıyam. 4 uşağım var, amma indi evimizdə beş adam yaşayır - özüm, atam, nəvəm və boşanmış qızım. Vəziyyətim çox çətindir. Atamın, nəvəmin, qızımın xərclərini ödəmək çox çətindir. Qiymətlər çox yuxarıdır. Bu gün bazara getdim və qiymətlərə məəttəl qaldım. Bu nə qanunlardır? Toyuğun kilosu 6250 tüməndir, ət 25 min tüməndir, düyü 4500-5000-ə. Britaniyada yaşayan uşağıma pul göndərmək istəyirdim, amma funtun qiyməti 3025-3050 tüməndir. Görəsən, məmurlar da bizim kimi yaşayır? Bəxtim gətirib ki, öz evim var. Bütün bunlardan sonra bir də kirayə haqqı versəydim vəziyyətim necə olardı? Kirayə qiymətləri dəhşətlidir. Taksi qiymətləri dəhşətlidir. Qısa məsafəyə min tümən istəyirlər. Metroya 250-300 tümən verməlisən. Kommunal xərcləri ödəməlisən. Qiymətlər adamı dəli edir.