Hilal Məmmədov üçün prezidentə müraciət edilə bilər

Şəklin mənbəyi, Turan
“Narkotik iddiası” ilə həbs edilən baş redaktor Hilal Məmmədovun hüquqlarını müdafiəsi komitəsi yaradılıb.
Komitənin həmsədri Rafiq Cəlilov BBC Azərbaycancaya bildirib ki, komitə," Məmmədovun sərbəst buraxılmasında maraqlı olan şəxslərin güclərini birləşdirmək" məqsədilə qurulub.
Cəlilov deyir ki, baş redaktorun həbsdən çıxması üçün prezidentə, gənclərə və Azərbaycan ictimaiyyətinə müraciətlər ünvanlanması planlaşdırılır.
“Komitəyə qoşulan hüquq müdafiəçiləri isə Məmmədovun həbsi ilə bağlı bütün hüquqi xırdalıqları araşdıracaq”, Cəlilov qeyd edir.
Komitə baş redaktorun ictimai fəaliyyətinə görə həbs edildiyini ehtimal edir:
“O həbs edilərkən, əvvəlcə onun milliyətini təhqir ediblər, cibləri yoxlandıqdan sonra isə deyiblər ki, “indi deyərsən, ti kto takoy, davay, do svidaniya”, Cəlilov vəkilə istinadən bildirir.
Daxili İşlər Nazirliyi Məmmədovun həbsinin onun “peşə fəaliyyəti ilə bağlı olması” iddialarını rədd edir.
Nazirlik bildirib ki, Məmmədov “üzərindən 5 qramdan artıq və evindən 30 qram güclü təsirə malik narkotik vasitə- heroin tapıldığına” görə saxlanılıb.
Nazirlik Məmmədovun həbsinin “peşə fəaliyyəti ilə bağlı olmadığını” qeyd edib.
Hüquq müdafiəçisi kimi tanınan Məmmədov, talış dilində dərc olunan “Tolishi Sado” qəzetinin baş redaktorudur.
























