Həmsədrlər Qarabağ dialoqu barədə ABŞ Administrasiyasını məlumatlandırır

Şəklin mənbəyi, US Department of State
Dağlıq Qarabağ danışıqlarının gedişatı və cəbhə xəttində az əvvəl yaşanmış gərginliyin səbəbləri Vaşinqtonda dövlət katibinin müavini William J. Burns ilə ATƏT-in Minsk Qrupu həmsədrləri arasında bu gün keçiriləcək brifinqdə müzakirə ediləcək.
"Yerli vaxt ilə saat 4-də Dövlət Departamentinin binasında baş tutacaq görüş bu qəbildən olan məlumatlandırma dialoqlarının növbəti seriyasıdır", Departamentdəki mənbə BBC-Azərbaycancaya deyib.
ABŞ, Rusiya və Fransadan olan diplomatlar Birləşmiş Ştatlar administrasiyasını vaxtaşırı olaraq aparılan dialoqlar barədə məlumatlandırırlar.
Lakin Vaşinqtondakı müşahidəçilər bugünkü məlumatlandırmanın dövlət katibi Hillari Clintonun Rusiyanın Sankt Peterburq şəhərində həmkarı Sergey Lavrov ilə görüşü ilə eyni zamanda təşkil olunduğuna diqqəti çəkirlər.
Bu ayın əvvəlində Azərbaycan və Ermənistana səfəri zamanı dövlət katibi Birləşmiş Ştatların Dağlıq Qarabağ konfliktinin həlli üzrə yeni yanaşmalar tətbiq edəcəyini üstüörtülü şəkildə bəyan etmişdi.
Ancaq yerli müşahidəçilər təmas xəttində gərgiliyin artmasının vasitəçilərin işini mürəkkəbləşdirdiyinə əmindirlər.




















