"Özəl şirkət Azərbaycana silah satmır”

Şəklin mənbəyi, Reuters
ABŞ səfirliyi adı çəkilməyən şirkətin Azərbaycana silah satmaqdan imtina etdiyini deyir. Prezident Administrasiyandan Əli Həsənov isə, silah alqı-satqısı söhbətini “əsassız” sayır.
Azərbaycana hərbi helikopter istehsalı üçün hissələrin satışından Dövlət Departamenti deyil, adı açıqlanmayan özəl şirkət “imtina edib”.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Adam Sterlinq bu barədə jurnalistlərə deyib:
“ABŞ-ın bir özəl şirkəti Dövlət Departamentinə təqdim etdiyi sənəddə Azərbaycanın adını siyahıdan çıxarıb”.
O deyib ki, ABŞ-da özəl şirkətlər digər ölkələrə müdafiə avadanlığı satması üçün Dövlət Departamentindən lisenziya əldə etməlidir və adətən silahı satdıqları ölkələrin siyahısını açıqlayır.
Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə APA-ya ABŞ-ın Azərbaycana silah satışını dayandırması xəbərinin “əsassız” olduğunu deyib.
Həsənov, ABŞ-la Azərbaycan arasında heç vaxt silah alqı-satqısı olmadığını qeyd edib.
Ötən həftə bir qrup ermənipərəst konqresmenin çağrışından sonra ABŞ administrasiyası Azərbaycana silah satmaq fikrindən daşınması barədə Amerika Erməni Milli Komitəsinin (ANCA) məlumatını yayıb.
























