Qarabağ veteranları Ermənistan prezidentinə müraciət ediblər

Qarabağ müharibəsinin qarabağlı veteranları Ermənistan prezidentini “Dağlıq Qarabağda prezident seçkilərinin ədalətli şəraitdə keçirilməsinə” mane olmamağa çağırıblar.
“Biz sizdən Artsax* hakimiyyəti üzərinə olan təsirinizlə gözlənilən prezident seçkiləri zamanı inzibati resursların istifadə olunmasının və başqa qeyri-qanuni fəaliyyətin qarşısı alınacağını gözləyirik. Hakimiyyətin qeyri-qanuni hərəkətləri ölkənin daxili sabitliyini təhlükə altına qoyur”, - deyilir Qarabağ müharibəsinin qarabağlı veteranlarının prezident Serj Sarkisyana açıq məktubunda.
Məktubu Qarabağın müxtəlif bölgələrində yaşayan 100-dən çox müharibə iştirakçısı imzalayıb. İmza toplama prosesinin davam etdiyi bildirilir.
Serj Sarkisyana “döyüş yoldaşı” kimi müraciət edən müharibə veteranları onun “Artsaxda prezident seçkilərinə təsiri həlledici rol” oynadığını və seçicilərin, ənənəvi olaraq, rəsmi Yerevanın mövqeyini nəzərə aldıqlarını bildirirlər.
Məktub müəllifləri 2007-ci ildə “Bako Sahakyanın prezident seçilməsində Serj Sarkisyanın şəxsi dəstəyi mühüm rol” oynadığını qeyd edirlər.
“Lakin ötən beş il Bako Sahakyanın ümidlərimizi doğrultmadığı və seçkiqabağı vədlərini pozduğunu göstərdi. Nəticədə korrupsiyanın mərkəzləşməsi və daha da dərinləşməsi baş verdi, vergi təzyiqləri gücləndi, təhlükəsizlik orqanları xalqın gözünü qorxutmaq üçün istifadə olunur. Bu şərait bədbinlik və məyusluq doğurub ki, bu da cəmiyyətin daha fəal hissəsini, o cümlədən sahibkarları ölkəni tərk etməyə vadar edib”, - deyə qarabağlı müharibə veteranları Ermənistan prezidentinin də Qarabağda yaranmış vəziyyətə görə məsuliyyət daşıdığını vurğulayırlar.
Tanınmamış Dağlıq Qarabağ Respublikasında növbəti prezident seçkiləri iyulun 19-da keçiriləcək.
Seçkilərdə 4 namizəd iştirak edir: bitərəf, 65 yaşlı Valeri Xaçatryan, Ermənistan Dövlət Aqrar Universiteti Stepanakert filialının prorektoru, 50 yaşlı Arkadi Soğomonyan, DQR Milli Məclisinin üzvü, sabiq müdafiə naziri müavini, 53 yaşlı Vitali Balasanyan və mövcud prezident, 52 yaşlı Bako Sahakyan.
Müşahidəçilər yalnız Vitali Balasanyanın Bako Sahakyanla “həqiqi mübarizəyə” qatıldığını qeyd edirlər.
Artsax*- erməni tarixçilərinə əsasən, III-IV əsrlərədək Dağlıq Qarabağ ərazisinin adı.
























