Amerikalı təhlilçilərdən Bakı və Aşqabada çağırış

- Müəllif, Ələkbər Raufoğlu
- Vəzifə, Vaşinqton
- Çap edildi
Vaşinqtonda Xəzər regionu üzrə ixtisaslaşmış nüfuzlu təhlilçilər bu fikirdədirlər ki, bir-birlə etnik, mədəni və tarixi bağları olan Azərbaycan və Türkmənistan aralarında dəniz sərhədi və yataqlara dair fikir ayrılıqlarını aradan qaldırmaq üçün beynəlxalq məhkəmədənsə, beynəlxalq vasitəçiliyə müraciət etsələr, daha müdrik olardı.
İki ölkə arasında münasibətlər məsələn, 2001-ci ildə Türkimənistan Bakıda diplomatk missiyasını elə bu yataq mübahisəsinə görə bağladığı çıxılmaz dövrlə müqayisədə indi xeyli inkişaf edib.
Hərçənd, səfirliklərin qarşılıqlı fəaliyyəti, ölkə liderlərinin görüşləri effektiv əməkdaşlıq və dialoq üçün indi daha geniş zəmin yaratdığı bir vaxtda, tərəflər bir-birilərini arbitrajla hədələyiblər.
Səbəb türkmən mediasının təbirincə, Azərbaycan sərhəd xidmətinə məxsus gəminin mübahisəli yataqda kəşfiyyat aparan Türkmənistan gəmisinin işinə təzəlikcə müdaxilə etməsidir.
Diplomatlar son iki həftə ərzində qarşılıqlı narazılığı azaltmaq naminə diplomatiyanın gücündən bəhrələnmək əvəzinə, söz güləşdirmələrinə üstünlük veriblər.
“Vaxtsız” gərginlik
Vaşinqtonda mənzillənən Woodrow Wilson Beynəlxalq Elmi Mərkəzin Avropa Enerji Təhlükəsizliyi Təşəbbüsü proqramının məsləhətçisi Alexandros Petersenə görə, iki ölkə arasında köhnə ixtilaf vaxtaşırı siyasətçilər tərəfindən qabardılsa da, bu dəfə bir qədər “vaxtsız” məqama düşüb.
“Təəssüf ki, Azərbaycanla Türkimənistan yataq mübahisəsi məhz indiki məqamda – iki hökümətin Trans-Xəzər qaz nəqli imkanlarını birlikdə nəzərdən keçirib qərar verməli olduğu bir dövrdə gərginləməyə başladı”, bu yaxınlarda çapdan çıxmış “Dünya adası: Avrasiya geosiyasəti və Qərbin taleyi” kitabının müəllifi BBC-Azəbaycancaya müsahibəsində deyib.
Bakı ilə Aşqabad arasında fikir ayrılıqları dərinləşərsə, bu, Qərbin türkmən qazının Azərbaycan istiqamətindən nəqlinə dair uzunmüddətli planlarının həyata keçirilməsi səylərini faktiki boşa çıxaracaq. Düzdür, Transxəzər nəqliyyat kəmərinə başqa maneələr hələ də qalmaqdadır, ancaq qarşılıqlı dialoq təhlilçilərə görə, həm də uzun müddətdən bəri Xəzərin statusu ilə bağlı mövcud olan mübahisənin çözümünə imkan yarada bilər.
Cənab Petersenin təbirincə, indi hər iki tərəfdən siyasətçilərin üzərinə vəziyyəti düzgün qiymətləndirərək, təxribatlardan uzaq durmaq, bir araya gəlib fikir ayrılıqlarını müzakirə etmək düşür.
Arbitraj uzun prosesdir
Düzdür, Arbitraj Məhkəməsi dövlətlər arasında bənzər mübahisələrin həllində təcrübədən çıxarılmış mexanizmlərdən biri olaraq qalır, ancaq Bakı ilə Aşqabadın vəziyyətində “ən yaxşı və qısa yol qarşılıqlı dialoq və kompromisdən keçir”, Vaşinqtonda mənzillənən PFC Energy Consulting şirkətinin sabiq baş direktori Julia Nanay hesab edir.
“Beynəlxalq arbitraj olduqca uzun proses ola bilər və nəticəsi də iki ölkənin əldə edəcəyi qarşılıqlı həlldən heç də uğurlu olmaya bilər”, təhlilçi BBC-Azərbaycancaya müsahibəsində deyib.
Onun təbirincə, əksinə, problemin dərinliklərinə yaxından bələd olan, bir-birilərinin həssaslıqlarını hamıdan yaxşı hiss edən təcrübəli Azərbaycan və Türkmənistan hökumətləri əllərindənki imkanlardan istifadə edərək, işi başa çatdırmalıdırlar.
“Bu problemin açarı hər iki hökumətlərdədir… Ümid edirəm ki, Bakı ilə Ankara qısa bir zamanda aralarında dil tapacaqlar”.
Vasitəçilik
Bəs dialoq üçün ilk addımı kim atmalıdır? Ən asası, mübahisəyə cəlb olunmuş siyasətçi diplomatlar arasında qəbul olunacaq mümkün razılaşmalara beynəlxalq təminat gərəkirmi?
Xüsusilə nəzərə aldıqda ki, hazırkı mübahisənin kökündə iki ölkə arasında sektorların bölgüsünün tamamlanmasınadək kəşfiyyat və hasilatın aparılması üzrə 8 il əvvəl əldə olunmuş anlaşmanın pozulmasına dair ittihamlar durur.
Bakı Aşqabadı razılşamaya məhəl qoymamaqda günahlandırır, türkmən tərəfi isə, ümumiyyətlə belə bir anlaşmanın mövcudluğuunu şübhə altına salır.
Cənab Petersenə görə, əslində Qərb müttəfiqləri vasitəçilik prosesinə yardım edə bilərlər.
“Birləşmiş Ştatlar bu məsələyə yüksək səviyyəli diplomatlar səviyyəsində uzun müddətdir ki, cəlb olunub. Ancaq Avropa Birliyi məncə Aşqabadla Bakı arasında moderatorluq edə biləcək xüsusi nümayəndə təyin edə bilərdi”, deyir təhlilçi.
Cənab Petersen onu da yada salıb ki, Azərbaycan və Türkmənistan regional enerji təhlükəsizliyi və Avropanın rus qazından asılılığının azaldılması nöqteyi-nəzərindən ittifaq üçün olduqca vacib ölkələrdir.
























