"Azərbaycan iqtisadiyyatının inkişaf tempi azalıb"

Çap edildi

Maliyyə böhranından ciddi zərər görməyən Azətbaycan iqtisadiyyatının inkişaf tempi yavaşıyıb və bu, neft istehsalının azalması ilə bağlıdır. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının regional iqtisadi perspektivlərə dair hesabatında deyilir.

"Büdcə xərclərinə əsaslanan qeyri-neft sektorunun inkişafı neft istehsalının azalmasından yaranan zəifləməni yalnız qismən kompensasiya edə bilib" - AYİB hesabatında qeyd edir.

"Neftdən güclü asılılıq böhran zamanı, neftin qiymətləri düşərkən özünü göstərdi və risklər bu amillə bağlı olduğu üçün iqtisadiyyatın diversifikasiyası mühüm olaraq qalır".

Azərbaycanın güclü maliyyə vəziyyəti (böyük borclarının olmaması-red.) makroiqtisadi risklərin təsirini yüngülləşdirir.

Hesabat AYİB-in fəaliyyət göstərdiyi ölkələri əhatə edib və onların arasında Cənubi Qafqazın digər ölkələri - Gürcüstan və Ermənistan da var.

AYİB hesab edir ki, Gürcüstanın iqtisadi fəaliyyəti 2011-ci ilin ikinci yarısında artıb və güclü olaraq qalır.

"2008-ci ildə ikiqat böhran zamanı donorlar tərəfindən maliyyələşdirilən xarici yardım paketi tükəndiyindən, hakimiyyət özəl maliyyə mənbələrinə, o cümlədən əsas sektorlarda özəl investisiyanın dəstəklənməsinə məsul dövlət maliyyə fondunun yardımına baş vurub" - hesabatda deyilir.

AYİB-ə görə, Ermənistanın böhrandan dirçəlişi yumşaq tempdə, istehsal və dağ-mədən sənayesinin "liderliyi ilə" davam edib.

"İqtisadiyyat xaricdən göndərilən pullardan və rəsmi maliyyələrdən yararlanmaqda davam edir. Ölkə xaricdən göndərilən pullardan asılı olduğu və çox az xammal ixrac etdiyi üçün birbaşa risklər xarici mühitlə bağlıdır" - hesabatda deyilir.