Mahaçqala partlayışında 14 adam yaralanıb

Mahaçqala
Çap edildi

Rəsmi məlumata əsasən Daxili İşlər Nazirliyinin yaxınlığındakı küçə kəsişməsində intihar hücumunu həyata keçirən qadın olub.

Hüquq-mühafizəçiləri hadisə yerindəki polis keşikçilərinin hədəfləndiyini bildirib.

Günorta çağlarında baş verən partlayışla bağlı cinayət işi açılıb.

Yaralılar

Mahaçqalanın Ortopediya və Travmotologiya Mərkəzində 4 nəfərə əməliyyat olunduğunu deyiblər.

Respublikanın Mərkəzi Xəstəxanasına çatdırılmış bir nəfər yaralının vəziyyəti orta ağır kimi dəyərləndirilir.

RİA Novosti agentliyi iki polisin ağır vəziyyətdə olduğunu xəbər verib.

Şübhəli

İnterfax agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə əsasən yazır ki, partlayışı Mahaçqala sakini Mədinə Əliyevə həyata keçirib.

İki dəfə silahlıya ərə gedən qadın dul qadıb.

"Onun ərə getdiyi Əli Əliyev 2009-cu ildə, daha sonra ailə qurduğu Qurban Capayev isə 2012-ci ilin yayında Kaspiysk şəhərində məhv edilib”, hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərindən İnterfax agentliyi iqtibas gətirir.

Hüquq-mühafizəçilər Mədinə Əliyevanın mayın 13-dən itkin düşmüş hesab olunduğunu deyiblər.

Partlayışlar

Bu Dağıstan paytaxtında mayın əvvəlindən bəri səslənən 4-cü partlayışdır.

Mayın 1-də mərkəzi bazarın yanındakı partlayış nəticəsində iki yeniyetmə ölüb.

Bazar ertəsi isə Mahaçqada baş verən qoşa partlayış 4 adamın ölümünə səbəb olub.