Azərbaycanda siyasi partiyaların birləşdiyi Milli Şura yaradılıb

Çap edildi

Azərbaycanda demokratik qüvvələr hakimiyyət təmsilçilərinin tənqidlə qarşıladığı "Milli Şura" yaradıldığını elan edib.

28 may- “Respublika Günü”ndə yaradılan qurum Azərbaycanı “avtoritarlıqdan demokratiyaya aparmağı” məqsəd götürüb.

“Biz prezident seçkilərinə demoktratik düşərgənin vahid platforma ilə getməsi üçün səyləri birləşdirmək istəyirik”, Şuraya daxil olan “EL” Hərəkatının həmtəsisçisi Eldar Namazov BBC Azərbaycancaya deyib.

Öncədən də iqtidar mediasında tənqid edilən Şuranın yaranması birmənalı qarşılanmayıb.

Bəzi tənqidlərdə yeni qurum “uğursuz” və ya “hay-küy” adlandırılıb.

“..Milli Şuraya toplanan insanlar eyni insanlardır və o insanlar öz partiyaları tərəfindən nüfuzunu itirdiklərinə, partiya tərəfindən dəstək qazana bilmədiklərinə və öz siyasi partiyalarında onların namizədliyinin irəli sürülməsinə etiraz olunduğuna görə ayrı-ayrı təşkilatlar vasitəsilə istəyirlər ki, öz namizədliklərini irəli sürsünlər. Bu baxımdan, ortada heç bir perspektiv yoxdur”, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov APA-ya deyib.

Namazov isə bu cür sözləri “qara PR” adlandırıb.

“Hakimiyyət dərk edir ki, Azərbaycanda hələ indiyə kimi bu qədər geniş aparıcı qüvvələri birləşdirən koalisiya olmayıb, xüsusilə də prezident seçkiləri ilində”.

Digər YAP rəsmisi Mübariz Qurbanlı deyib ki, “hakimiyyət üçün bu qurumun heç bir mənası yoxdur”.

Şura təmsilçiləri isə təşkilat barədə deyilənləri qəbul etmir.

“Həqiqətən də, adi qurum olsaydı, aylarla hakim mətbuat orqanlarında onun əleyhinə bəyanatlar səsləndirməzdi”, Namazov bildirib.

O, həmçinin deyib ki, təşkilat könüllülük əsasında fəaliyyət göstərəcək və “Azərbaycan xalqı heç vaxt böyük beynəlxalq maliyyə mənbələrinə arxalanmayıb”.

Çərşənbə günü axşam 10.30-da elan edilən Şuranın təsis tədbirində siyasi partiya liderlərindən İsa Qəmbər (Musavat), Əli Kərimli (AXCP), Əvəz Temirxan (ALP), Sülhəddin Əkbər (ACP), Bəybala Əbil (KXCP), eləcə də, Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, Lalə Şövkət və Mirmahmud Mirəlioğlu qoşulub.

Təsis saatı günorta saatlarında, Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə planlaşdırılsa da, müzakirələr gec bitib.

Müzakirə gedən zaman isə, sosial şəbəkə istifadəçiləri Şuranın yaranıb-yaranmayacağı ətrafında fikirlər bildirib.

Ziya Zöhrab yazıb ki, "meydanda elan olunmalıydı. Həm də bugün. Meydanda səmimiyyət olmayandan sonra stol arxasında danışıqlar lazım deyil".

"Əlindən bir iş gəlməyənlər deyəcək ki, hə, nə olsun, yarandı. Əgər əlindən bir iş gəlmirsə, o zaman mane olma.. qoy xalq öz işin görsün, inan, sonunda sən də xeyir tapacaqsan..", Rasim adlı istifadəçi deyib.

Təsis zamanı, qurumun Təsis Bəyannaməsi və İşçi qrupu da müəyyənləşdirilib və işçi qrup hazırda ilk toplantıya hazırlaşır.

Şurasının Bəyannaməsində prezident seçkilərinə birgə qatılmaq və qalib gəlinərsə, iki illik Keçid Höküməti yaratmaq nəzərdə tutulub.