"Azərbaycan-ABŞ: Gələcəyə baxış" forumunun birinci günü - icmal

Çərşənbə günü Bakıda "Azərbaycan-ABŞ: Gələcəyə baxış" adlı forum başlayıb.
Forumda Azərbaycan tərəfindən iştirak edənlər arasında prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov olub. ABŞ-dan isə səfir Richard Morningstar, sabiq senator Richard Lugar, bir sıra konqresmen və digər sabiq rəsmilər iştirak edib.
APA-nın məlumatına görə, forumun plenar iclasında Azərbaycan hərbçilərinin İraq və Əfqanıstandakı rolundan, Dağlıq Qarabağdan və enerjidən danışılıb.
Tədbirin açılış mərasimində çıxış edən prezident İlham Əliyev ABŞ-Azərbaycan əlaqələrindən deyib ki, iki ölkə təhlükəsizlik sahəsində "sıx əməkdaşlıq" edir.
"Azərbaycan hərbçiləri Əfqanıstanda sülhyaratma proseslərində iştirak edir. Azərbaycan Əfqanıstana daşınan yüklərin 40%-ni nəql edir və bizim marşrut ən təhlükəsiz marşrutdur. Terrorizmlə mübarizəyə də Azərbaycan öz töhfəsini verir."
"Əsgərlərimiz çiyin-çiyinə Əfqanıstanda terror və şərə qarşı savaşırlar. Ona görə biz İraqda bir yerdəyik (alqış səsləri). Ona görə bu gün Azərbaycan ABŞ-la birlikdə bütün dünyada enerji təhlükəsizliyi barədə düşünür. Bu, Azərbaycan və ABŞ-ın böyük nailiyyətidir", Parlamentin beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidov deyib.
Prezident həmçinin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində rolundan danışıb, onun beynəlxalq təhlükəsizliyə təhdid olduğunu bildirib, APA məlumat verir.
"Təbliğat" tədbiri?
İlham Əliyev həmçinin Azərbaycanın Cənub Qaz dəhlizi layihəsində rolu haqqında danışıb, bu layihənin ABŞ tərəfindən də dəstəkləndiyini vurğulayıb. Onun sözlərinə görə, layihə Avropanın enerji təhlükəsizliyində "mühüm rol oynayacaq".
Forumda iştirak edən ABŞ-ın keçmiş energetika naziri, Nyu Meksiko ştatının sabiq qubernatoru Bill Richardson deyib ki, energetika "münasibətlərimizin təməl nöqtəsidir. Amma bu başlanğıcdır, biz münasibətlərimizi daha da genişləndirməli və diversifikasiya etməliyik."
Prezident həmçinin Azərbaycanda media və internetin azad olduğunu deyib, QHT-lər isə insan haqlarının müzakirə olunmamasını tənqid ediblər.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bəyanatında deyilir ki, təşkilat "əllidən artıq ABŞ siyasətçisinin Azərbaycanın vətəndaş cəmiyyəti, azadlıq və demokratiya prinsipləri ilə həmrəylik göstərmək əvəzinə prezident İlham Əliyevin rəhbərlik etdiyi avtoritar rejim üçün növbəti müsbət təbliğat olacaq bir addım ataraq Bakıda keçirilən ABŞ-Azərbaycan Qurultayına qatılmasından məyusluq hissi keçirir".
Təşkilatın sədri Emin Hüseynovun sözlərinə görə, təşkilat iclasın on sessiyasından "bir saatının belə Azərbaycanda insan hüquqları ilə bağlı narahatedici vəziyyətin müzakirəsinə həsr olunmamasından" məyusdur.
ARDNŞ, BP və Chevron kimi şirkətlərin sponsorluq etdiyi forumun təşkilatçısı - "Amerikalı və Avrasiyalıların Turqoise Şurası"dır (Turquoise Council of Americans and Eurasians, TCAE).
























