Yerevanda kursant öldürülüb

yerevan military institute
Şəklin alt yazısı, Yerevan hərbi institutunda kursant söyüş üstə öz kurs yoldaşını öldürüb
Çap edildi

Bazar gününə keçən gecə Ermənistan Müdafiə Nazirliyinin Vazqen Sarkisyan adına hərbi institutunun kursantı güllə yarasından həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən alınan məlumata görə, saat 21 radələrində qarovul növbəsinin dəyişməsi zamanı 3-cü kurs kursantı Armen Melkumyan xidməti avtomatından atdığı atəşlə kurs yoldaşı Sipan Movsisyanı yaralayıb.

Xəstəxanaya çatdirilan Sipan Movsisyan təxminən bir saatdan sonra ölüb.

Hadisə ilə bağlı Müdafiə Nazirliyi İstintaq İdarəsində qətl maddəsi üzrə cinayət işi açılıb, istintaq aparılır. Atəş açan kursant Armen Melkumyan həbs olunub.

İlkin istintaq məlumatlarına əsasən, qarovulun dəyişməsi zamanı Melkumyanla Movsisyan savaşıb, bir birini təhqir ediblər. Movsisyan “atmayana” söyüş qoyduqdan sonra Melkumyan avtomatın tətiyini çəkib.

İnsidentlə bağlı Ermənistan müdafiə naziri Seyran Ohanyan müavinlərinin, baş qərargah rəisinin və idarə rəhbərlərinin iştirakı ilə təcili müşavirə çağırıb, hərtərəfli xidməti araşdırma aparmaq və bütün təqsirkarları cəzalandırmaq əmrini verib.

Panorama.am Müdafiə Nazirliyi mətbuat katibi Artsrun Hovhannisyana istinadən Yerevan hərbi institutunun direktoru general-mayor Martin Sarkisyanın istefa verdiyini bildirir.

Bu, son bir ay ərzində Ermənistan ordusunda <link type="page"><caption> hərbçi ölümü ilə bağlı ikinci haldır</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2013/05/130518_armenia_soldier.shtml" platform="highweb"/></link>.