Leysana görə Gəncədə işıqlar kəsilib

Çap edildi

Azərbaycanın Gəncə şəhərində dolu yağması, güclü külək və leysan səngisə də, fəsadları aradan qaldırmaq üçün işlər aparılır.

Gəncə sakini Bənövşə Abdiyeva deyir ki, hazırda günəşli hava mövcuddur.

"Dünən isə dəhşətli külək və tufan vardı, mərkəzdə bir neçə ağac qopmuşdu, dolu yağırdı", o, BBC Azərbaycancaya vəziyyəti təsvir edib.

Gəncə sakininin dediklərini şəhərin Yaşıllaşdırma İdarəsinin rəisi İxtiyar İsgəndərov da təsdiqləyir. O, APA-ya deyib ki, güclü külək "şəhərin müxtəlif yerlərində otuza yaxın ağacı kökündən çıxarıb və avtomobil yollarına aşırıb".

Təbii hadisələr həm də şəhərin işıqsız və qazsız qalmasına təsir edib. Ağacların aşması elektrik və qaz xətləri qırıb.

Abdiyeva deyir ki, bazar ertəsi işıqlar kəsilsə də, artıq bərpa olunub.

Elektrik problemi həm də Şəmkir və Samux rayonlarını da işıqsız qoyub.

Şəhər mərkəzi də daxil olmaqla, Yeni Gəncə yaşayış massivi, Şah İsmayıl Xətai prospekti, Bayraq Meydanı və Nizami məqbərəsində də işıqlandırma dirəkləri aşıb.