Çingiz Hüseynin bloqu: Dövlət sirri, yaxud “çudaklar”...

Çar dövründən akademik olan böyük rus alimi Vladimir Vernadski yüz il öncə atmosferdə bəşəriyyəti qoruyan əqlə-şuura malık canlı bir lay olduğunu demişdir.
Guya yerdəki hadisələr o laya təsir göstərir, xoş və dəyərli əməllər onu gidalandırır, yaşadır, mənfur işlər isə zədələyir, hətta məhv edə bilər o layı. Ateist-allahsız sovet dövrundə onun bu sözləri dövlət sirri kimi gizlin saxlanılır, qocalığına, “çudaklığına” yozulurdu.
Kosmonavtika atası Konstantin Siolkovskinin raket ixtirasının hansı arzu-niyyətdən doğduğu da dövlət sirri kimi qorunur, onun qəribəliyinə bağlanırdı. Dindar alim əmin idi ki, ölənlərin canı-ruhu qırxından sonra yerin atmosferini tərk edir, amma bəzilərinin ruhları yerin cazibə qüvvəsini qıra bilmədiyindən əzab çəkir, heç cür kainata əbədiyyətə qovuşa bilmirdilər. Və onları iztirablardan qurtaran, onlara yardım olan... raket ixtira olundu!
“Noosfera”
Siolkovskinin ixtirası (təkanverici səbəbini bilməmək da olardı) öz işini görür, Vernadskinin bugün hamiya bəlli olan “noosfera” ideyası isə indiki qaphaqap zəmanədə dövlətlərin heç vecinə deyil, halbuki dünyadakı hadisələr katastrofik səmtdə inkişaf etməkdədir.
Atmosferdəki canlı layın qənimi olan, bəşəriyyətin xəstə halından xəbər verən bəzi ziddiyyət-böhranları yad etmək istəyirəm.
Birincisi – ekoloji böhrandır, insan təbiətlə ölüm-dirim mübarizəsindədir: ixtira-kəşvlər elə yüksək zirvəyə çatıb ki, insan yaşamağına şərait yaradan təbiəti məhv etməyə belə qadirdir; göyü zəhərli tüstülər boğur-didir, yerin altı vəhşicəsinə istismar olunur.
Ziddiyyət
İkincisi etnik ziddiyyətidir, millətlər-xalqlar öz aralarında dil tapa bilmir, ərazi-torpaq davalarından doymur, biri-birini qırır, düşmənçilik, nifrətlər gündən-günə artır, qanlı savaşlardan, terrorlardan doğan fəryadlar, nalələr yeri-göyü doldurmaqdadır. Canlı lay buna dözməyib sel-tufan-zəlzələlər törədir... – xəbərdarlıqmı bu?
Dediyim böhranlar üçüncü ziddiyyətə bağlıdır, bəlkə də ondan doğur: bu – etik ziddiyyətidir, yəni insanın içində, qəlbində, bütün varlığında xeyirlə şər, yaxşıyla yaman, geniş mənada ilahi meylləri ilə iblis fitnələri arasında gedən şiddətli davalardır.
Əlbəyaxalar-vuruşmalar hələlik ikincilərin, yəni şərin-yamanın xeyrinədir. Və bu qələbələrlə əlaqədar nağıllarımızda iblisin ordusundan olan Qulyabanının “adam-badam iyisi qəlir” kəlməsini yamsılayaraq, onun üslubunda demək istəyirəm: apokalips iyisi gəlir bu qələbələrdən.
P.S. Bəlkə söylədiklərim mənim çudaklığımdandır?
























