Gülməkdən öldürən aktyor

Siyavuş Aslan
    • Müəllif, Zülfüqar Rüfətoğlu
    • Vəzifə, www.bbcazeri.com
  • Çap edildi

Azərbaycanın görkəmli səhnə ustası, xalq artısti Siyavuş Aslan uzun sürən ağır xəstəlikdən sonra iyunun 27-də vəfat edib.

O, 1935-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olmuşdu.

Aktyorluğa uşaqlıqdan, teatr dərnəyində həvəskar kimi başlamışdı.

1954-ci ildən Musiqli Estrada Truppasında, 1958-ci ildən Quba Dövlət Dram Teatrında çalışmışdı.

Lakin o, ömrünün böyük hissəsini Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində yaddaqalan obrazlar yaratmaqla keçirmişdi.

Azərbaycan komediya səhnəsinin parlaq ulduzu bir müddət Azərbaycan Dövlət Dram Teatrında da çalışmışdı.

78 ili uzun ömür də adlandırmaq olar, lakin Aslanın yaradıcılığı onun bu illəri nə qədər səmərəli və mənalı yaşadığını göstərir.

O, “Əhməd haradadır”dan başlamış “Yuxu”yadək 44 filmdə çəkilmişdi.

Teatrsevərlər Siyavuş Aslan, Nəsibə Zeynalova və Hacıbaba Bağırovun Sabit Rəhmanın “Hicran” komediyasındakı triosunu heç vaxt unutmayacaqlar.

Bu gərək ki, üç parlaq ulduzun bir araya gəldikləri çox az tamaşadan biri idi. Onları birlikdə çıxış etmələri üçün Sabit Rəhmanın oğlu, mərhum bəstəkar Emin Sabitoğlu razılığa gətirə bilmişdi.

Teatr aləmi bir başqa aləmdir. Şöhrət, hörmət, qısqanclıq, dedi-qodu və sair.

Siyavuş Aslan ömrünün son aylarında bərk xəstə idi. Bununla belə, son müsahibələrindən də görünür ki, zarafatından qalmırdı.

Onun “Bakı Post” qəzetinə verdiyi müsahibədən bir parçanı diqqətinizə təqdim edirik:

“– Sənət yoldaşlarınızdan yanınıza gələn, zəng vuran varmı?

– Var. Ümumiyyətlə, çox adam yanıma gəlir.

Bu məqamda S.Aslanın baxıcısı olan gənc qadın söhbətə müdaxilə edib, 7 aydır sənətkara qulluq etdiyini, lakin bu müddət ərzində aktyorlardan heç kimin onun yanına gəlmədiyini dedi.

Sənətkar isə ona acıqlanaraq “gəlirlər, sadəcə olaraq sən aktyorları tanımırsan”, – deyə etirazını bildirdi”...

Başqa bir müsahibədə aktyor Yaşar Nurinin ona baş çəkməməsindən təəccüblənirdi. Yaşarın ölümündən xəbərsiz idi. İntizar çəkirdi.

İndi bu intizara da son qoyuldu. Allah rəhmət eləsin.