Formula 1-in rəhbəri Ecclestone rüşvətdə ittiham olunur

Almaniya prokurorları Formula 1 avtomobil yarışlarının rəhbəri Bernie Ecclestona qarşı rüşvət ittihamları irəli sürüblər.
İttiham F1-ə aid bir səhm payı ilə əlaqədar Bayern Landesbankdan bankir Gerhard Gribkovskiyə ödənilmiş 44 milyon dollarla bağlı irəli sürülüb.
Cənab Ecclestone Gribkowskiyə rüşvət verdiyi barədə iddianı rədd edir və bildirir ki, pulu bankirə onu Britaniya vergi istintaqı qarşısında faş etməməsi üçün verib.
Cənab Gribkowsky Münhendə 8 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Çərşənbə günü “Financial Times” qəzeti ilə söhbətində Ecclestone deyib: “Mən elə indicə vəkillərimlə danışmışam və onlar ittihamnaməni artıq alıblar. Hazırda sənəd ingilis dilinə tərcümə edilir”.
“Biz müdafiəni yaxşı qurmuşuq. Bu, çox maraqlı iş olacaq. Təəssüf ki bu hadisə baş verib” – Bernie Ecclestone deyib.
Formula Bir Qrupunun bəyanatında deyilir ki, cənab Ecclestone bu ittihamnaməyə 6 həftə müddətində cavab verməlidir.
“Axmaq-axmaq şeylər”
İttihamlar 2006-cı ildə Formula 1-dəki səhmlərin 47 faizinin Bayern Landesbank tərəfindən satılması ilə bağlıdır.
Bank bu payı müflisləşmiş Kirch media qrupundan almışdı.
Gribkowsky payın CVC Capital Partner hüquq qrupuna satılmasını həyata keçirmişdi.
CVC o vaxtdan bəri müxtəlif sövdələşmələrdə payını azaltmışdı. CVC ittiham barədə heç bir şərh verməyib.
Ötən il keçirilmiş məhkəməsində Gribkowsky korrupsiya yolu ilə bank komisyon ödənişləri və Ecclestone ailəsinin Bambino Trestindən ödənişlər aldığını etiraf edib.
O bildirib ki, bu pullar ona səhmlərin real qiymətindən daha aşağı qiymətləndirilməsi üçün verilib.
Lakin cənab Ecclestone bildirir ki, o, ödənişləri Gribkowskinin ağzını yumması üçün edib. O narahat imiş ki, bankir onun vergi işləri barədə Britaniya hakimiyyət orqanlarına düzgün olmayan məlumatlar verə bilər.
Cənab Ecclestone bundan əvvəl bildirmişdi ki, Gribkowskinin verə biləcəyi yalan məlumatlar ona daha baha başa gələ bilərmiş.
“Vergiyə görə 2 milyard funt sterlinqədək pul ödəməli ola bilərdim, - Ecclestone deyib, - ona pul verdim ki, dinc dursun və axmaq-axmaq şeylər etməsin”.
Cənab Ecclestone bu ittihamlara avqustun ortalarınadək cavab verməlidir. Bundan sonra məhkəmə işini sentyabrın ortalarında baxılmaq üçün qəbul edib-etməyəcəyi barədə qərar verəcək.
Əgər təqsiri isbat olunarsa, Ecclestone həbsxana cəzası ala bilər. O, bu halda Formula 1-in rəhbəri vəzifəsindən istefa verəcəyini vəd edib.
Onun vəkili “Financial Times” qəzetinə bildirib ki, ittihamnamə əsasən Gribkowskinin ifadələri üzərində qurulub və cənab Ecclestone bu ifadələrin doğru olmadığını isbata çalışacaq.
























