Məhkəmə Pərviz Həşimlini “ev dustaqlığına” buraxmadı

Pərviz Həşimli
Şəklin alt yazısı, Pərviz Həşimlini məhkəməyə üzü örtülü hüquq-mühafizəçiləri gətiriblər.
Çap edildi

Səbail Rayon Məhkəməsi “Bizim Yol” qəzetinin jurnalisti Pərviz Həşimlinin “ev dustaqlığına buraxılması” haqqında iddiasını təmin etməyib.

Jurnalistin qardaşı deyib ki, məhkəmədən çıxan Pərviz ona qarşı istintaq hərəkətinin aparılmadığını deyib.

“Məhkəmədən çıxanda Pərviz dedi ki, bütün bu ittihamlar qondarmadır, quramadır və 15 gündür ki, heç bir istintaq hərəkəti aparılmır”, BBC Azərbaycancaya Zamin Həşimov deyib.

Cənab Həşimovun sözlərinə görə, onu məhkəməyə ötən dəfəkindən fərqli olaraq başı açıq gətiriblər.

Vəkil Elçin Saqıqov BBC Azərbaycancaya jurnalistin yaxınları ilə görüşə bilmədiyindən, müxalif yönümlü qəzetlərin ona çatdırılmamasından şikayətçi olduğunu demişdi.

“Pərvizin müdafiəsi ilə bağlı bizim birgə işlədiyimiz qeydləri hər dəfə mənlə görüşə gələndə əlindən alınır. Tək kamerada və bütün gün işıq yanılı olan otaqda saxlanılır.”

Cənab Sadıqov deyib ki, müvəkkili həbs olunan zaman ona “fiziki təzyiq göstərilib”.

“Saxlanılan zaman o sağ dizi və dirsəyindən zədə alıb. Üstəlik məhkəməyə gətirilərkən başına qara torba keçirilib və məhkəmədə əlləri qandallı oturub. Üstəlik içəridə onunla qeyri-insani davranırlar, dözülməz vəziyyətdədir”.

BBC Azərbaycancanın Milli Təhlükəsizlik Nazirliyilə əlaqə yaratmaq cəhdi baş tutmayıb.

Cənab Həşimlinin atası Yeni Azərbaycan Partiyasının üzvü Kamran Həşimov prezidentə müraciət edib və ölkə başçısından oğlunun işi ilə bağlı ədalətin bərpa olunması üçün yardım istəyib.

Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla həbs olunub. Onlara qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma maddələri ilə cinayət işi açılıb və 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Rəsmi məlumata görə, hər iki şəxs İran İslam Respublikasının Rza və Hüseyn adlı vətəndaşları ilə əlbir olaraq satış məqsədilə odlu silahları və döyüş sursatını qaçaqmalçılıq yolu ilə, yəni gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətiriblər.

Cənab Həşimli ona qarşı irəli sürülən ittihamları rədd edib.

Jurnalistin yaxınları ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu və peşə fəaliyyətinə görə təqib olunduğunu düşünürlər. Jurnalist hüquq müdafiəçisi kimi fəaliyyət göstərir, AXCP Rəyasət Heyətinin üzvüdür və moderator.az saytına rəhbərlik edib.