2014-cü ilin büdcəsi təsdiq edilib

Çap edildi

Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il dövlət büdcəsi haqqında qanunu təsdiq edib.

Gəlirləri 18,384 mlrd., xərcləri 20,063 mlrd. manat olan büdcə haqqında qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

2014-cü il üçün dövlət büdcəsi layihəsi cari ilin büdcəsindən gəlirlərin azalması, xərclərin təxminən sabitliyi, təhsil, səhiyyə, mədəniyyət və elm sahələrinə ayrılan vəsaitin artması ilə fərqlənir.

Noyabr ayının sonunda Milli Məclisdə dördgünlük qızğın müzakirələrə səbəb olan layihəni hökümət “balanslaşdırılmış” adlandırır. Təhlilçilər isə, bu büdcə layihəsinin “ilklərlə” yadda qaldığını qeyd edir.

İqtisadçı Natiq Cəfərli iddia edir ki, 2014-cü ilin büdcəsində ilk dəfə gəlirlərin 4 faiz azalması baş verib və büdcə kəsiri kəskin şəkildə artıb. Xərclərin artımı isə 1,1 faiz olub.

1,679 milyard manatlıq büdcə kəsiri, başqa sözlə, gəlirlərin xərcləri örtməyən hissəsi cari ilin büdcəsindən 2.4 dəfə çoxdur. O, bunu hökümətin “illərlə apardığı neft xammalına əsaslanmış fəaliyyəti”nin təsiri kimi qələmə verir.

"Etiraf"

İqtisadçı Rövşən Ağayev deyir ki, bu büdcə ilə artıq çoxdan proqnozlaşdırılan neft gəlirlərinin azalması “etiraf olunub”.

“Neft gəlirlərinin azalması fonunda Dövlət Neft Fondundan transfertlərin enməsi məcburi addımdır, hökümətin təbliğ etdiyi neft sektorundan asılılığın azaldılması siyasətinə dəxli yoxdur”.

Azərbaycan prezidenti İlham Əliyev çıxışlarında bir neçə dəfə iqtisadiyyatın “daha çox qeyri-neft sektoru hesabına” inkişaf etdiyini bildirib.

Büdcə müzakirələri zamanı, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, DNF-dən transfertlərin iki milyard azaldılması “yaxşı göstəricidir” və “azalma büdcə gəlirlərinə təsir etməyəcək”.

“Gələn il büdcə daxilolmalarının böyük hissəsini – 7,102 mlrd. manatı vergi daxilolmaları təşkil edəcək ki, bunun da 4,3 mlrd. manatı qeyri-neft sektorunun payına düşür. Göründüyü kimi, Azərbaycan dövlət büdcəsinin neftdən asılılığı azalacaq”, millət vəkili bildirib.

Rövşən Ağayev güman edir ki, neft gəlirlərin azalması, həmçinin xarici borclanmalar hesabına və ya qiymətli kağızları buraxmaqla həll edilə bilər, amma bu, gələcəkdə iqtisadi problemə səbəb ola bilər.

"İndi problem kimi görünməsə də, bir neçə ildən sonra, neft gəlirlərinin azalması fonunda xarici borclanma ölkəni ağır borc dövrünə sürükləyəcək. Hökümət əslində qeyri-leqal iqtisadiyyatı yoluna qoysaydı, elə daxili maliyyə hesabına probemləri həll etmək olardı".

"Daha ehtiyatlı" büdcə layihəsi

Ekspertin sözlərinə görə məhz bu səbəbdən hökümətin bu dəfə “daha ehtiyatlı və ya qorxaq şəkildə büdcə hazırladığını” deyir. Bu isə, neft hasilatının azalması və neftin qiymətinin enməsi gözləntiləri ilə bağlıdır, o iddia edir.

Belə ki, gələn il üçün neftin qiyməti 100 dollardan götürülsə də, 2015-17-ci illərdə rəqəm 20 dollara enib. Neftin belə qiyməti daha çox alternativ neft-qaz mənbələrinin genişlənməsi ilə izah edilir.

Cənab Ağayevin sözlərinə görə, həm də qeyri-neft sektorunun vergi gəlirləri “çox” proqnozlaşdırılıb. Bu isə, “rəsmi etiraf edilməyən inflasiya” deməkdir.

“Hökümət neft sektorundan transfertlərin azalmasının 800 milyon manatını vergilər hesabına kompensasiya etmək istəməsi hiss olunur”.

Ekspert deyir ki, bu, özünü yanacaq və enerji daşıyıcılarının qiymətinin və kommunal xidmətlərin dəyərinin artımında göstərəcək. Yəni, 2013-cü ilin büdcəsində kommunal xidmətlərdən gəlirlər 300 40 milyon idisə, gələn il bu, 650 milyon manata çatdırılmalıdır. Özəl sektorda mənfəətdən gələn verginin aşağı tempi də gəlir vergisinə yüklənməyə səbəb olub.

Sosial sahələr

Büdcədən ayrı-ayrı sahələrə, təhsil, səhiyyə və mədəniyyət ayrılan vəsaitlərə gəlincə isə, iqtisadçılar o vəsaitlərin əsasən, bu ilin sentyabrında prezident seçkiləri öncəsi artırılan maaşların ödənilməsinə xidmət edəcəyini deyir. Başqa bir hissəsi isə, proqnozlaşdırılan 3-4 faizlik əlavə məvacib artımına xərclənə bilər.

Lakin ekspert sosial sahələrə ayrılan ümumi vəsaiti yetərli hesab etmir, “kiçik artım” adlandırır.

“Təhsil və səhiyyəyə ayrılan pul 20 milyardlıq büdcənin yeddidə biri belə deyil”, o deyir.

Buraya sosial müavinatları da əlavə etdikdə, cənab Ağayev rəqəmin 21 faizə çatdığını qeyd edir.

Bu baxımdan o, Azərbaycanın iddia olunan “sosial yönümlü dövlət” istiqamət götürməsi fikirlərini rədd edir.

“Belə bir böyük üç sektora, təsəvvür edin ki, 5 manatdan 1 manat ayrılır, oxşarımız Qazaxıstanda isə, büdcənin 39 faizi bura xərclənir, təxminən 5 manatdan 2 manata yaxın”, cənab Ağayev izah edir.

Gələn ilin dövlət büdcəsindən təhsil xərclərinə 12, səhiyyə xərclərinə 14%, mədəniyyət və elm sahəsinə ayrılan xərclərə isə 15% artım edilib.

Büdcə müzakirələri gedərkən deputat Şəmsəddin Hacıyev deyib ki, təhsilə ayrılan maliyyə təhsilin səviyyəsinin artırılmasına imkan verəcək. 2013-cü ildə təhsil büdcəsi 1,475 milyard təşkil edib, gələn il isə rəqəm 1,653 milyard manata qədər artırılacaq.

"Ən çox" maliyyə ayrılan sahələr

Əsasən yol, məktəb, səhiyyə ocaqları və turizm mərkəzlərinə xərclənən dövlət investisiyaları isə “ən çox” maliyyə ayrılan sahələrdir- büdcənin 32 faizi bura xərclənəcək.

Başqa bir 20 faiz dövlət-hakimiyyət orqanlarının- nazirliklərin, Parlamentin, hüquq-mühafizə, gömruk, sərhəd qoşunları, idarəetmə-məhkəmə sahələrinə ayrılıb.

Müdafiə sahəsi isə xərclərin 12-13 faizini götürüb. Qalan kənd təsərrüfatı, mənzil və digər xərclər isə cüzi maliyyə ilə kifayətləndirilib.

Ümumilikdə, rəsmilər 2014-cü il büdcəsini "olduqca real və yerinə yetirilməsi "mümkün" adlandırıb.

Cümə günü qəbul edilən büdcə layihəsi prezidentin təsdiq etməsindən sonra qüvvəyə minəcək.