Azərbaycan Şahdəniz-2 layihəsinin yekun sazişlərini imzalayıb

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin Twitterdə paylaşdığı şəkildə Şahdəniz-2 layihəsi üzrə yekun imzalama mərasiminin keçirildiyi bildirilir
Şəklin alt yazısı, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin Twitterdə paylaşdığı şəkildə Şahdəniz-2 layihəsi üzrə yekun imzalama mərasiminin keçirildiyi bildirilir
Çap edildi

Azərbaycan çərşənbə axşamı "Şahdəniz" layihəsinin xarici tərəfdaşları ilə ikinci dəfə qarşılıqlı öhdəlik sazişlərini imzalayıb.

Sazişləri BP şirkətinin regional direktoru Gordin Birrellə Azərbaycanın Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev imzalayıb.

Heydər Əliyev Mərkəzində keçirilən mərasim prezident İlham Əliyev çıxışı ilə başlayıb.

APA yazır ki, dekabrın 17-ni Azərbaycanda "tarixi bir gün" adlandıran cənab Əliyev bildirib ki, "Şahdəniz" layihəsini dünyanın "ən iri" enerji layihələrindən biridir.

“"Şahdəniz-2" layihəsi bölgənin enerji xəritəsini dəyişdirəcək” deyən prezident çıxışında, bu layihələr çərçivəsində 35 milyard dollar yatırım qoyulması və 30 min yeni iş yerinin açılması gözlənildiyini qeyd edib.

Öncədən yayılmış məlumatlara görə, Xəzər dənizində yerləşən “Şahdəniz” qaz yatağının layihəsinin səhmdarlarının investisiya yatırımlarını sanksiyalaşdırmaq məqsədilə tədbirdə 39 sənəd imzalanacaq.

Mərasimə qatılmaq üçün bir sıra ölkələrin rəsmiləri, o cümlədən Böyük Britaniyanin xarici işlər naziri William Hague də Bakıya gəlib.

Layihədən 300 Briyaniya şirkəti "qazanacaq"

William Hague və İlham Əliyev
Şəklin alt yazısı, Sazişləri imzalama tədbirindən sonra William Hague ilə Prezident İlham Əliyev arasında görüş keçirilib

Nazir bildirib ki, o, bu gün BP-nin aparıcı olduğu yeni qaz layihəsi üçün investisiya haqqında son qərarvermə sənədinin imzalanmasına şahidlik etmək üçün Azərbaycanı zirayət edir.

"Anlaşma Birləşmiş Krallıq üçün də yaxşı xəbərdir. Azərbaycanda olan 300 şirkət də yeni layihədən qazanacaq", cənab Hague bildirib. "Birləşmiş Krallıq Azərbaycanın bu sazişin həyata keçirilməsində mühüm rolunu yüksək qiymətləndirir".

Tədbirdən sonra isə cənab Hague ilə Prezident İlham Əliyev arasında görüş keçirilib.

Prezidentin rəsmi saytındakı məlumata görə, görüşdə iki ölkə arasında "ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edildi, neft-qaz sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulandı".

Bundan savayı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi, 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarındakı yarışların "yüksək səviyyədə təşkili istiqamətində ölkələrimiz arasında təcrübə mübadiləsi aparılmasının önəmi qeyd edildi", məlumatda deyilir.

İnsan haqları kampaniyası

Cənab Hague-in Azərbaycana səfərindən bir neçə gün öncə yerli və beynəlxalq hüquq müdafiəçiləri ondan sosial media vasitəsilə prezidentlə görüş zamanı insan haqları, siyasi məhbusların azad edilməsi məsələlərini qaldırmasını istəyib.

Nazirin çıxışından sonra, BP direktoru Bob Dudley nitqinə başlayıb.

Avropa İttifaqının enerji üzrə komissarı Günter Ottinger deyib ki, Şahdəniz-2 layihəsinin həyata keçirilməsi Aİ ilə bölgənin əlaqələrini möhkəmləndirəcək və enerji ehtiyatlarının Avropaya nəqlini müxtəlifləşdirməyə imkan yaradacaq.

Digər ölkələrdən, Montenegro prezidenti Filip Vujanović, Bolqarıstan və Albaniyanın baş nazirləri də Bakıdadır.

Yunanıstanın baş naziri Antonis Samarasın gəldiyi təyyarə isə, texniki nasazlığa görə yerə enə bilməyib. Onun digər təyyarə ilə Bakı hava limanına enəcəyi bildirilir.

Bu ilin iyunun 28-də "Şahdəniz" konsorsiumu elan edib ki, ildə 10 mlrd. kubmetrədək "Şahdəniz-2" qazını Yunanıstan, İtaliya və potensial olaraq Cənub-Şərqi Avropadakı müştərilərə çatdırmaq üçün TAP layihəsini seçib.

"Şahdəniz-2"nin işlənməsindən hasil ediləcək ildə 16 mlrd. kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibi ilə keçməklə İtaliyaya qədər 3 500 km-dən artıq boru kəmərləri vasitəsilə çatdırılacaq.

"Şahdəniz-2"dən ilk qazın əldə edilməsi isə 2019-ci ilə planlaşdırılır.

"Ən mühüm" sənəd

İqtisadçı ekspert İlham Şaban BBC Azərbaycancaya deyib ki, “Şahdəniz” layihəsinə 25 milyard dollar həcmində xarici investisiya qoyulub və imzalanacaq sazişlərlə bu razılıq rəsmi təsdiqlənəcək.

39 müqavilənin içində Trans-Anadolu boru kəmərinin (Trans Anadolu Pipeline-TAP) investorları arasında imzalanacaq sənəd "ən mühümdür".

“Yayda qəbul olunmuş qərara əsasən bu kəmərin investorları Dövlət Neft Şirkəti, BP və Podar şirkətidir. Bunlar kəmərin 50 faiz səhmlərinə sahibdirlər”, iqtisadçı əlavə edib.

Neft Araşdırmaları Mərkəzinin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir ki, layihə üzrə dənizdə 26 sualtı quyunun qazılması və tamamlanması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, quruda isə Səngəçalda yeni texniki emal və kompressiya qurğularının tikintisi nəzərdə tutulub.

Məlumata görə, imzalanan sazişə görə, Şahdəniz yatağından kondensat hasilatının 55 000 barel səviyyədən artaraq gündə 120 000 barelə çatacağı gözlənilir.

“SOCAR və Şahdəniz tərəfdaşları həmçinin Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) müddətinin 2048-ci ilədək artırılması üçün şərtləri də razılaşdırıblar”, saytda qeyd olunub.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev sazişin imzalanma mərasimində deyib ki, “bu layihə bizim və regionun gələcəyinə yol açır”.

Cənab Abdullayevin sözlərinə görə, saziş Azərbaycanı Avropa üçün mühüm enerji təchizatçısına çevirir və “Xəzər regionu ilə Avropa bazarlarını birbaşa bağlamaqla o, Xəzər dənizindən Avropanın mərkəzinə qədər yerləşən ölkələrə mənfəətlər gətirir”.

BP-nin baş icraçı direktoru Bob Dudley deyib ki, Şahdəniz Mərhələ 2 layihəsi bütöv bir regionun enerji xəritəsini dəyişə bilər və ilk dəfə olaraq Azərbaycanın qaz ehtiyatlarına birbaşa çıxış imkanı verəcək.

“Bu layihə indiyə qədər Azərbaycana yatırılmış ən böyük xarici investisiya olmaqla Azərbaycan, Gürcüstan, Türkiyə və Avropada boru kəmərlərinin marşrutu boyunca on minlərlə yeni iş yerləri açacaq”, sayt cənab Dudleydən sitat gətirir.

"Şahdəniz" yatağının işlədilməsi ilə əlaqədar ilk sazişlər Böyük Britaniya Krallığının BP və Norveçin Statoil şirkətləri ilə 1992-ci ilin sentyabrında imzalanıb.

Hasilat platforması quraşdırılması isə 2006-cı ildə sazişlərdən sonra mümkün olub, həmin ilin noyabrında bu platformadan qazılmış quyudan ilk qaz hasil edilib.