Müsavat müşaviri Yadigar Sadıqov 6 illik həbs edilib

Çap edildi

Adam döyməklə xuliqanlıq etməkdə ittiham olunan Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov altı il azadlıqdan məhrum edilib.

Bazar ertəsi Lənkəran Rayon Məhkəməsində keçirilən prosesdə iştirak edən fəal Ülvi Həsənli bu barədə BBC Azərbaycancaya deyib.

Həsənli deyir ki, prosesdə həm Sadıqov, həm də vəkil Xalid Bağırov son çıxışlarını edib və vəkil müdafiə etdiyi şəxs üçün bəraət istəyib.

Cənab Sadıqov isə təqsirsiz olduğunu bildirib.

Apellyasiya şikayəti verməyi planlaşdıran vəkil Bağırov deyir ki, Sadıqovun işi "süni" sübutlarla ağırlaşdırılıb.

"Deyirlər ki, döyülən 21 gün xəstəxanada yatıb və bu, az ağır xəsarətdir və Sadıqov əlindəki telefondan silah kimi istifadə edib", vəkil BBC Azərbaycancaya bildirir.

Silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə xuliqanlıq törətmək və xuliqanlıq niyyəti ilə az ağır xəsarət yetirməkdə ittiham olunan Sadıqov ötən il iyunun 29-da həbs olunub.

Həmin vaxt Lənkəran Şəhər-Rayon Polis Şöbəsi onu II qrup Qarabağ əlili Rəşid Kərimovu döyməsi iddiası ilə saxlayıb.

Qarabağ əlili şikayətlənib ki, Yadigar Sadıqov iki nəfərlə birgə onu Lənkəranın Cavanşir küçəsində yerləşən çayxananın qarşısından keçərkən döyüb.

Sadıqov isə deyib ki, özünün təxribata çəkiləcəyinə yol verməmək üçün iyunun 25-də çayxanada olarkən Rəşid Kərimovun müxalifəti söyməsini reaksiyasız qoyaraq çayxananı tərk edib.

Haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilən müşavirin həbs müddəti üç dəfə bir aylıq <link type="page"><caption> uzadılıb</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/09/130923_yadigar_sadigov_detention.shtml" platform="highweb"/></link>.

Dövlət ittihamçısı isə məhkəmədə ona yeddi il iş istəyib.

Müsavat Partiyası onun siyasi mötivlərlə həbs olunduğunu hesab edir.

“Amnesty İnternational” təşkilatı onu vicdan məhbusu kimi tanıyır.