Rəşad Şirinin bloqu: Erməni-azərbaycanlı münaqişəsi yetişib

Qarabağda əsgər
Şəklin alt yazısı, Bu il atəşkəsin 20 illiyidir.
    • Müəllif, Rəşad Şirin
    • Vəzifə, Siyasi təhlilçi, Bakı
  • Çap edildi

Münaqişələr (konfliktlər) elmində belə bir anlayış var: “münaqişənin yetişməsi” və ya “yetişmiş münaqişə”.

Hesab edilir ki, etnik, dini, ərazi münaqişələri adətən başlanğıc, eskalasiya və sonunda yetişmə mərhələlərini yaşayırlar. İlk iki mərhələ retorik və fiziki zorakılıq ilə müşaiyət olunur, son mərhələdə isə tərəflər sanki yorulur, “qocalır”, sülh üçün darıxır və əslində hərb etmək istəmir.

Münaqişələr adətən 14-16 ildən sonra bu yetişmə mərhələsinə qədəm qoyur. Münaqişənin səbəbi, qaynağı nə olursa olsun istənilən cəmiyyət bu müddətdən sonra münaqişə etməkdən bezir, daha rahat, təhlükəsiz həyat istəyir, irəli baxmaq istəyir.

Amma təbii ki istənilən cəmiyyətdə sülh istəyən insanlarla yanaşı müharibə istəyən insanlar da var. Az və ya çox, fərqi yoxdur, onlar nüfuzlu ola bilər və ara sıra “müharibə” kartını oynaya bilər.

Ümumiyyətlə, münaqişə və ya müharibə iqtidarlar üçün çox münbit oyun sahəsidir, çünki müharibə ictimai və kütləvi razılaşmanı, həmrəyliyi ehtiva edir.

Müharibə varsa səfərbərlik var, müharibə varsa həmrəylik var, müharibə varsa birlik var, müharibə varsa qorxu var. Fransanın baş naziri olmuş Jorj Klemanso deyirdi ki, müharibə çox ciddi işdir.

O qədər ciddi işdir ki, onu hərbiçilərə etibar etmək olmaz. Əslində çox dəqiq ifadədir, amma biz çox zaman buna digər bucaqdan baxa bilmirik: siyasətçilər hər zaman müharibəni öz nəzarətinə götürmək istəyirlər, mülki iqtidar hərbi iqtidarı kontrol altına almaq istəyir.

Amma burada da özünəməxsus çətinliklər var – çünki mülki siyasi iqtidarlar hakimiyyətlərini uzatmaq üçün hər zaman bundan istifadə edəcək.

Bu il atəşkəsin 20 illiyidir. Amma Azərbaycan-Ermənistan sərhədində 1994-dən, yəni atəşkəs imzalandığı dövrdən atışmalar olur.

Minlərlə əsgər və zabit dünyasını dəyişib. Burada maraqlı məqam ondan ibarətdir ki, əslində 1994-də atəşkəs sazişi imzalananda arada heç bir üçüncü (sülhü qoruyan) qüvvənin olmamasına qərar verildi.

Bu baxımdan son 20 ildə münaqişənin daha kəskin eskalasiya etməməsi çox əhəmiyyətlidir. Çünki hər iki dövlət əslində irimiqyaslı hərbi əməliyyatlar keçirməkdən çəkindi. Bunun müxtəlif səbəbləri var təbii ki və ən aşkar olanı da böyük güclərin burada yenidən hərbi əməliyyatların bərpasına çox pis baxmasıdır.

Bununla yanaşı arada sülhqoruyucuların olmamağı həm də ona gətirib çıxarır ki, ara-sıra sərhədboyu atışmalar olur. Hətta bu “ara sıra” o qədər çox olur ki, demək olar ki, daimi hala çevrilib.

Atəşkəs dövründə elə hərbi əməliyyatlar getdiyi dövrdəki qədər insan həyatını dəyişib. Bənzər sərhədboyu atışmalar bütün münaqişə edən ölkələr arasında yaşanır.

Məsəl üçün, İsrail və Fələstin arasında. Maraqlısı odur ki, hər iki tərəf qarşı tərəfin atəşkəsi birinci pozması haqqda məlumat verir hər zaman.

Yadımdadı bir dəfə Tiflisdə Erməni vətəndaş cəmiyyəti təmsilçilərilə görüşürdük və məni çox təəccübləndirən bir şey söylədilər onlar. Dedilər ki, Azərbaycanlı snayperlər bizə imkan vermirlər yaşamağa. Hər gün atırlar, hər gün yeni insan ölür.

Mən etiraz etdim ki, əslində tam əksi baş verir – Erməni snayperlər bizim kəndlərdə insanları, hətta mülki insanları vurur, qətl edir. Amma hiss etdim ki, onlar da dediklərinə sanki ciddi şəkildə inanırlar.

Müharibənin bir tərəfi də odur ki, siz sanki hər zaman düşünürsünüz ki, qarşı tərəf daha möhkəmdir, daha güclüdür, millət olaraq daha səfərbərdir.

Məsəl üçün, Ərəblər düşünür ki Yəhudilər daha mütəşəkkildir, daha sıx birləşiblər, daha həmrəydilər, özləri (Ərəblər) isə daha dağınıq, daha pərakəndə, daha zəifdirlər.

Təəccüblüsü odur ki, israillilər öz növbəsində düşünür ki Ərəblər daha çox, daha güclü, daha həmrəydir, bütün ərəblərin dil və din birliyi vardır və onlar yəhudiləri çox rahat məhv edə bilər.

Beynəlxalq siyasət bu baxımdan həm də qavramalar üzərində qurulub. Millətlər bir-birini görmək istədiyi kimi görür və bu onların reallığına çevrilir.

Qayıdaq Erməni və Azərbaycan təmas xəttindəki son atışmalara. Bunun səbəbinin nə olduğunu demək çətindir.

Əslində səbəb axtarmağın özü nə qədər məntiqlıdır - o başqa bir sualdır, çünki 20 ildir ki davam edən bir proses var ortada, təkrarlanan atışmalar, insan itkisi.

İqtidarların müharibəni xalqın gündəmində saxlaması və cəmiyyətə təzyiq etməsi, böyük güclərin nəsə əldə etmək üçün milli hökümətlərə basqı etməyi, həqiqətən də hərbiçilərin verdiyi qərarlarla başlayan atışma – bunların hamısı səbəb ola bilər.

Mənim üçün əsas olan odur ki, bu münaqişə yetişib. Yəni sülh üçün yetişib, müharibə üçün yox. Və işlər bu istiqamətdə aparılmalı, bölgəyə sülh gətirilməli və regional inkişaf haqqında uzunmüddətli planlar qurulmalıdır.