Yevlaxda özünü yandıran fiziki əngəlli Nizami Kərimov Bakıya gətirilib

Çap edildi

Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qarşısında özünü yandıran II qrup əlil Nizami Kərimov dünən gecə rayon mərkəzi xəstəxanasından Bakının 5 saylı şəhər kliniki xəstəxananasına köçürülüb.

Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstənin vəziyyəti ağır olduğuna görə, Bakıya aparılıb.

Yevlax sakini olan Kərimov yanvarın 27-də saat 11 radələrində Heydər Əliyev prospektində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax rayon şöbəsinin qarşısında üzərinə benzin tökərək özünü yandırıb.

Yevlax rayon Mərkəzi Xəstəxanasından II qrup əlilin bədəninin 50 faizinin yandığı bildirilib.

“Bədəninin ön tərəfi, kürək nahiyəsinin ümumi yuxarı ətrafları-ümumilikdə bədənin 50 faiz termik yanığı ilə xəstəxanaya daxil olub”, APA yazıb.

Kərimovun bacısı Yazgül Abdullayeva Azadlıq radiosuna açıqlamasında deyib ki, qardaşı sosial müavinət almaq üçün müraciət etsə də, “onu hər gün get-gələ salıblar”.

“Qardaşım çox kasıb yaşayıb. 50 manatdan bir qədər çox pensiya alır. Ayağı iflicdir, get-gedə yeriyə də bilmirdi. Heç haradan gəliri yoxdur. 3 övladı var. Neçə vaxtdır gedib gəlirdi ki, bəs mənə müavinət verin. Vermirdilər, deyirdilər get, 10 gündən sonra gəl, 1 aydan sonra gəl, düzəldərik”.

Yevlax rayon prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

5 saylı kliniki xəstəxanadan verilən məlumata görə, Kərimov hazırda reanimasiya şöbəsindədir və vəziyyəti “çox ağırdır”, onun yanına heç kim buraxılmır.

BBC Azərbaycancanın Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzilə əlaqə yaratmaq cəhdləri baş tutmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları təminatı sektorunun müdir müavini Ramin İsmayılov BBC Azərbaycancaya deyib ki, hazırda məsələ ilə bağlı araşdırma gedir.

“Əlbəttə bu çox xoşagəlməz hadisə idi. Sadəcə olaraq hazırda araşdırma gedir və araşdırmanın nəticəsi ictimaiyyətə açıqlanacaq”.

Yevlax rayon İcra Hakimiyyəti başçısı Qoca Səmədovun jurnalistlərə dediyinə görə, Kərimov ötən ilin oktyabrına qədər sosial müavinət alıb, amma sonradan sosial vəziyyəti yaxşılaşdığına görə müavinətin verilməsi dayandırılıb.