Azərbaycanlı ailənin Ermənistanda sığınacaq alması üçün "proses başlayıb"

Beş nəfərdən ibarət azərbaycanlı ailəsi tərəfindən Ermənistanda “siyasi sığınacaq” almaq üçün ərizəyə baxılması prosesi "artıq başlayıb”, Armenpress agentliyi Ermənistan Miqrasiya İdarəsinin rəisi Qaqik Yeğanyana istinadən xəbər verir.
Ailə BMT Qaçqınlar Məsələləri üzrə Ali Komissarının Yerevan ofisinin himayəsi altındadır. Bu barədə BMT Yerevan ofisi mətbuat xidmətinin nümayəndəsi Anahit Hayrapetyan məlumat verib.
Onun sözlərinə görə, BMT Yerevan ofisinin xahişi ilə, Ermənistanın hakimiyyət strukturları, beynəlxalq qaydalara və Ermənistan qanunvericiliyinə uyğun olaraq, məsələ ilə məşğul olurlar.
“Biz ailənin Gürcüstan-Ermənistan sərhədindən geri qaytarılmaması prinsipinə əməl olunmasını və Ermənistan hakimiyyəti tərəfindən tutub saxlamaq əvəzinə alternativ vasitələr tətbiq edilməsini alqışlayırıq”, - BMT Yerevan ofisi rəsmisinə istinadən Armenpress xəbər verir.
Xanım Hayrapetyan həmçinin belə hallarda BMT Qaçqınlar Məsələləri Ofisinin, öz qlobal siyasətinə əsaslanaraq, fərdi hallar üzrə məxfi məlumat verilmədiyini bildirib.
Yanvarın 29-da beş nəfərdən ibarət bir azərbaycanlı ailəsi Gürcüstan sərhədində Ermənistanın Baqrataşen nəzarət-keçid məntəqəsində Ermənistanda siyasi sığınacaq almaq üçün müraciət edib, Ermənistanın Xarici İşlər Nazirliyi bildirib.
Cavab
Məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti də təsdiq edib. MTX mətbuat xidmətinin rəsmi bəyanatına əsasən, yanvarın 29-da 1976-cı il təvəllüdlü Bakı sakini Cavid Orucov öz arvadı və üç kiçik yaşlı uşaqları üçün Ermənistanda siyasi sığınacaq istəyib.
Bu qərarını o, Azərbaycan hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalması ilə əsaslandırıb, Ermənistan MTX-nin bəyanatında deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü BBC Azərbaycancaya məlumatın araşdırıldığını bildirib.
Ermənistan Milli Miqrasiya Xidməti azərbaycanlı ailəsinin müraciətinə bir həftə ərzində cavab verəcəyini bildirib.
"Bu müddət ərzində xidmətin əməkdaşları sığınacaq istəyən ailə ilə görüşüb, müsahibə edər, sonra ölkə haqqında tədris keçirilər və bundan sonra müvafiq qənaət çıxarılar”, Qaqik Yeğanyan Armenpress agentliyinə deyib.
Yeğanyanın sözlərinə görə, bu müddət ərzində müraciət edənin yaşayış məsələlərini "imkan çərçivəsində" həll etməyə çalışacaqlar.
Səbəb
Ermənistan MTX-nin bəyanatına görə, Cavid Orucov həmçinin iddia edib ki, "Azərbaycan xüsusi xidmətlərinin ona qarşı təqibləri onun Bakı sakini və erməni kökləri olan 1983-cü il təvəllüdlü Röya Mirzəyeva ilə evlənməsindən sonra başlayıb".
"Bu qəddar davranışa tab gətirməyən Cavid Orucov Azərbaycan xüsusi xidmətləri ilə əməkdaşlıq etməyə məcbur olub və arvadının xaricdə yaşayan qohumlarının vasitəsilə Ermənistan və erməni diasporu ilə bağlı məlumat toplamaqla məşğul olub", məlumatda deyilir.
“Özünün və ailəsinin təhlükəli vəziyyətini dərk edərək, C. Orucov Avropa ölkələrindən birində məskunlaşmağa çalışıb, lakin oradan Bakıya deportasiya edildikdən sonra Azərbaycan xüsusi xidmətlərinin təzyiqi daha da güclənib. Belə bir çıxılmaz vəziyyətə düçar olmuş və ailəsinin real təhlükə ilə üzləşdiyini hiss edib, Cavid Orucov Ermənistan hakimiyyətindən siyasi sığınacaq xahiş etmək qərarına gəlib”.
Məlumata görə, hal-hazırda BMT-nin Ermənistan ofisi və Ermənistanın Miqrasiya Agentliyi ailənin gələcək taleyilə məşğul olurlar.
Ermənistan Milli Miqrasiya Xidmətinin Orucovun ərizəsinə bir həftə ərzində baxacağı deyilir.
























