Rəsulzadənin yubileyi: sərəncamın əhəmiyyəti varmı?

Çap edildi

31 yanvar Məhəmməd Əmin Rəsulzadənin ad günüdür. Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin noyabr ayında verdiyi sərəncama görə, bu gün dövlət səviyyəsində tədbirlər keçirilməlidir. Amma bəziləri deyirlər ki, bu sərəncam ancaq görüntü xarakteri daşıyır.

Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü

Aydın Mirzəzadə

"Azərbaycan cəmiyyətində Rəsulzadəyə münasibət həm iqtidar, həm də müxalifət tərəfindən həmişə müsbət olub. O, 1918-ci ildə müstəqil Azərbaycan dövlətinin qurulmasında xidməti olan şəxslərdən biridir. Azərbaycanda həmin dövr, azərbaycançılıq, milli fikir yaradıcılarından biridir və sonradan da xaricdə siyasi mühacirətdə fəal iştirak edən insanlardan biri olub. Həm Heydər Əliyev dövründə, həm indiki prezident dövründə həmişə Rəsulzadəyə yubileyi dövlət səviyyəsində qeyd edilir. Bu gün Dövlət Dram Teatrında rəsmi dövlət tədbiri olacaq onun xatirəsi anılacaq və onun fəaliyyətinə yüksək qiymət veriləcəkdir.

"Novxanıda Rəsulzadəyə heykəl qoyulub, ikincisinin qoyulması bilmirəm nə dərəcədə mükündür? Hesab edirəm ki, ona monument qoyulması və adının rəsmiləşdirilməsinə diqqət göstərilib. Həmçinin insana qiymət ona heykəlin qoyulub qoyulmaması ilə ölçülmür. İnsana qiymət onun fəaliyyətinin düzgün qiymətləndirilməsidir, onun tarixdə tutduğu yerdir və dövlətin onun haqqında olan fikridir. Rəsulzadə haqqında rəsmi hakimiyyətin münasibəti müsbətdir".

Cəmil Həsənli, Milli Şuranın sədri

Cəmil Həsənli

"Rəsulzadəyə münasibətdə dövlət səviyyəsində bir dəyişiklik olmadı. O, Azərbaycan dövlətçiliyinin banisidir, ona belə hörmətsiz münasibət tamamilə yol verilməzdir. Dövlət başçısı olan şəxs öz sərəncamına hörmətlə yanaşmalıdır. Sərəncam verilsə də, Rəsulzadənin siyasi taleyində faktiki olaraq heç nə dəyişmədi.

"Bu sərəncamsız da keçinmək olardı. George Washington Amerika üçün kimdisə, Rəsulzadəyə də Azərbaycan cəmiyyətinin münasibəti elə olmalıdır. Heydər Əliyevin yubileyi necə qeyd olundusa, onun da ad günü elə qeyd olunmalıdır".

İsa Qəmbər, Müsavat Partiyasının başqanı

"Sərəncam bizi qane edə bilməz. Çünki 20 il əvvəl verilmiş sərəncamın icrası ilə 130 illiyi sərəncam arasında heç bir fərq yoxdur. Bir-iki formal tədbiri nəzərə almasaq, heç bir iş görülmədi. Halbuki Azərbaycan şəraitindəki müxalifət partiyalarından, Müsavat da daxil olmaqla, hakimiyyətin imkanları kəskin sürətdə fərqlənir.

"Bu günə qədər bu heykəl ucaldırlmır, bir çox başqa işlər görmək olardı. Azərbaycan gənclərinə Rəsulzadə ideyaıarının təqlid olunması baxımından çox-çox işlər görmək olardı ki,məhz hakimiyyətin buna resursları var. Amma hakimiyyət formal addımlardan uzağa getmir".