İlham Əliyev "satılmış müxalifəti" tənqid edib

Şəklin mənbəyi, AFP
Azərbaycan prezidenti rəsmilərlə görüşdə müxalifəti tənqid edərək hökumətin rüşvət və korrupsiya ilə mübarizədə qərarlı olduğunu vurğulayıb.
Ölkə başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda bildirib ki, ölkə daxilində vəziyyət “sabitdir” və xalq iqtidarın gördüyü işləri dəstəkləyir, ona inanır.
“Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı”.
Cənab Əliyevin sözlərinə görə, son prezident seçkiləri “müxalifətin sonu” və “rəzalətin zirvəsi” idi.
Milli Şuranın sədri Cəmil Həsənlinin fikrincə, “ən böyük rəzalət seçkiləri saxtalaşdırmaqdır”.
“İlham Əliyev hər il müxalifətin sonu barədə anons verir, amma doğru çıxmır. Son prezident seçkiləri göstərdi ki, onun heç bir sosial dayağı, nüfuzu yoxdur. İlham Əliyev xalqın səsi ilə deyil, Mərkəzi Seçki Komissiyasının arayışı ilə prezident olub”, o prezidentin çıxışını BBC Azərbaycancaya şərh edərkən deyib.
"Korrupsiya bəlası"
Korrupsiya və rüşvətxorluğu “böyük sosial bəla” adlandıran prezidenin sözlərinə görə, dövlətin bunun qarşısını almaq üçün “siyasi iradəsi” var.
“Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alıaçıq, üzüağ olsunlar”.
Cənab Əliyev deyib ki, subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməyib və konkret təkliflər verildikdən sonra bununla bağlı yeni sərəncam imzalanacaq.
“Mən “ASAN xidmət”in fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Cəmi bir il ərzində “ASAN xidmət”ə bir milyon müraciət olmuşdur. Tam şəffaflıq təmin edilibdir, mədəni xidmət və Azərbaycan vətəndaşına layiq olan hörmət göstərilir”.
Cənab Əliyev deyib ki, “dövlət məmuru məsuliyyətini dərk etməli və xalqla bir yerdə olmalıdır”.
Kənd təsərrüfatında ailə fermer təsərrüfatının yaradılmasının əhəmiyyətindən danışan cənab Əliyev deyib ki, xüsusilə südçülük sahəsində bu təsərrüfat yaradılmasıdır və buna dövlət maliyyə dəstəyini kreditlər şəklində verəcək.
“Bəzi hallarda subsidiyalar fermerlərə çatmır. Şəffaflıq təmin edilmir və burada oturanlar bilirlər şəffaflıq nəyə görə təmin edilmir. Bu mənim son xəbərdarlığımdır. Subsidiyanın verilməsində tam şəkildə nəzarət-uçot sistemi yaradılmalıdır”.
























