Eurovision: səsləri saxtalaşdırmaq cəhdlərinə qarşı 3 illik qadağa

Fərid Məmmədov
Şəklin alt yazısı, Azərbaycan barədə rüşvət iddialarından sonra Eurovision təşkilatçıları mahnı müsabiqəsinin qaydalarını sərtləşdiriblər
Çap edildi

Eurovision Mahnı Müsabiqəsində səslərin sayılmasında saxtakarlığa yol vermiş ölkələrin televiziya yayımçılarının bu müsabiqədə iştirakı üç il müddətinə qadağan oluna bilər.

“Futbol klubları öz azarkeşlərinin davranışına cavabdeh olduqları kimi, biz də iştirakçı televiziya yayımçılarının hesabatlığı məsələsini qoyacaq və öz nümayəndələrinin xeyrinə səsvermə pozuntularına yol verilməsinin qarşısının alınması məqsədilə məhz onları məsul hesab edəcəyik” – deyib Eurovision Mahnı Müsabiqəsinə nəzarət edən Tövsiyə Qrupunun rəhbəri Frank Dieter Freiling.

Qərar ötən ilin müsabiqəsində səsvermə zamanı nəticəyə təsir etmək cəhdləri barədə Azərbaycanın adı hallandığı araşdırmadan və Azərbaycanın qonşu Rusiyanın nümayəndəsinə heç bir səs verməməsindən sonra alınıb.

“Azərbaycan, Eurovision leksikonunda deyildiyi kimi, Rusiyaya “nul points” (sıfır bal) vermişdi. Halbuki, bu iki keçmiş sovet respublikası bir qayda olaraq bir-birlərinə ən yüksək balları verirlər” – yazır AFP xəbər agentliyi.

İsveçdə keçirilən yarışda habelə Litvada Azərbaycanın xeyrinə səslərin satın alınması cəhdlərinin edildiyini iddia edən görüntülər yayılmışdı.

Avropa Yayım İttifaqı (European Broadcasting Union – EBU) bu qalmaqallarla bağlı təhqiqat apardığını bildirmişdi.

Azərbaycan "saxtakarlıq etməyib"

Bu təhqiqatın nəticəsində bəlli olub ki, yarış zamanı səsvermənin saxtalaşdırılmasına müəyyən cəhdlər edilsə də, bu cəhdlər Eurovision yarışının əvvəlcədən gördüyü təhlükəsizlik tədbirləri sayəsində reallaşmayıb.

EBU-nun bu bəyanatı keçmiş qalmaqalların müsabiqənin nəticəsinə təsir göstərmədiyini ifadə edir. Azərbaycanı təmsil edən Fərid Məmmədov yarışda ikinci yeri tutmuşdu.

Üstəlik EBU-nun bəyanatında deyilir ki, təhqiqat nəticəsində hər hansı milli televiziyanın qanunsuz hərəkətə yol verdiyi aşkar olunmayıb.

Buna baxmayaraq, Eurovision təşkilatçıları ehtiyatlı tərpəndiklərini və saxtakarlıqlara qarşı sərt tədbirlərin görüldüyünü bildirirlər.

Təşkilatçılar deyirlər ki, yarışdan əvvəl, yarış ərzində və ya ondan sonra səsvermə pozuntuları aşkar edilərsə, Tövsiyə Qrupu sözü gedən iştirakçı ölkəyə qarşı dərhal təhqiqata başlayacaq və faktlar sübut olunarsa, həmin ölkənin iştirakçı televiziyası gələcək yarışlardan üç il müddətinədək uzaqlaşdırılacaq.

İttihamlar

Son illərdə Eurovision ictimai səsvermənin nəticələri barədə şübhə və narazılıqlarını əsasən müsabiqənin Qərbi Avropadan olan iştirakçıları səsləndiriblər.

Bu gileylərdə bildirlirdi ki, keçmiş Sovet ölkələri bir-birlərinə tərəfkeşlik edirlər.

Keçən il İsveçdə keçirilmiş müsabiqəninin nəticələri barədə yazan "The Daily Mail" qəzeti Azərbaycanın bu mahnı yarışında səsləri qazanmaq üçün rüşvət verdiyi barədə iddiaları irəli sürmüşdü.

Qəzet yazırdı ki, ötən il Azərbaycan və daha dörd ölkə səs toplamaq məqsədilə gizli əməliyyatlar aparıb, Azərbaycan nümayəndələri onların namizədinə səs verilməsi üçün Litva tələbələrinə SİM kartlar paylamışdı.

Şəffaflıq artırılıb

Bütün bunlara baxmayaraq bu şikayətlərdən sonra, 2009-cu ildə Eurovision yarışının təşkilatçıları səsvermə qaydalarına düzəliş ediblər.

Bu qaydalara görə, hesablanan səslərin yarısı sözügedən ölkələrin ictimaiyyətindən və digər yarısı isə musiqi sənayesi peşəkarlarının münsiflər heyətindən gəlir.

Bu da bildirilir ki, ötən ilin sentyabrından münsiflər heyətinin səsverməsi sisteminə də düzəliş edilib.

İnnən belə bu münsiflərin özləri rotasiya edilirlər və hər bir peşəkarın səs verməsinin şəffaflığı təmin olunur.

Yeni, daha sərt qaydalar 2014-cü ilin mayında Danimarkada keçiriləcək Eurovision 2014 Mahnı Müsabiqəsində tətbiq olunacaq. Finalın mayın 10-da keçirilməsi nəzərdə tutulur.