Azərbaycanda zəlzələ: 5.7 bal

Şəklin mənbəyi, seismology.az
Azərbaycanda yerli vaxtla 16.06-da Rixter seysmik şkalasına görə 6 bala yaxın gücdə zəlzələ baş verib.
Zəlzələ hiss olunacaq dərəcədə olsa da, insan itkisi və dağıntılar barədə hələlik məlumat yoxdur.
Mərkəz bildirib ki, zəlzələnin episentri Saatlıdan 41km şimal-şərqdə Hacıqabul ərazisində olub.
Hacıqabul rayon icra hakimiyyəti başçısının birinci müavini, fövqəladə hadisələr üzrə məsul Sahib Aslanov BBC Azərbaycancaya deyib ki, rayonda vəziyyət stabildir.
"Nə insanlara məxsus evlərdə, nə təhsil və səhiyyə ocaqlarında böyük fəsadlar qeydə alınmayıb, insan itkisi yoxdur".
Cənab Aslanov deyib ki, evlərdə ola biləcək çat kimi kiçik dağıntıların qeydə alınması ikinci dərəcəli məlumatdır.
Saatlı icra hakimiyyətinin qəbul otağından BBC Azərbaycancaya deyilib ki, rayonda dağıntı müşahidə edilməyib.
Respublika Seysmoloji Xidmət Mərkəzi saytında yazılır ki, zəlzələ Bakı və Respublika ərazisində 5-3 bala qədər hiss edilib.
5.7 ballıq zəlzələnin episentri 55 km dərinlikdədir.
Digər zəlzələ isə, təxminən ilkindən 11 dəqiqə sonra Xəzər dənizində baş verib.
Seysmoloji Xidmət Mərkəzi saytında yazılır ki, 3.2 gücündəki zəlzələ hiss edilməyib.
























