Azərbaycan: siyasi fəallar sığınacaq üçün hara gedir?

"Sığınacaq almaq istəyən azərbaycanlı siyasi fəallar üçün Almaniya, xüsusilə Berlin mərkəz nöqtəsinə çevrilib", Foreign Policy Centre (FPC) araşdırma mərkəzinin "Fırtınadan Sığınacaq?" adlı nəşrində deyilir.
FPC bunu üç əsas səbəblə əlaqələndirir: Almaniyanın böyük türk icması, Almaniya hökümətinin Azərbaycanda insan haqlarını müdafiə etməsi və Schengen üzvlüyü.
Eyni zamanda FPC deyir ki, Cənubi Qafqaz ölkələri arasında ən pis insan haqları tarixçəsinə malik ölkə kimi tanınsa da Avropa İttifaqında sığınacaq istəyən azərbaycanlıların sayı iki qonşusundan aşağıdır.
FPC bunu "spekulyativ", yəni immiqrasiya məqsədli ərizələrin sayının nisbətən az olması ilə əlaqələndirir: azərbaycanlı diaspor icmaları daha kiçikdir, bəzi hallarda isə Azərbaycanın özündə iqtisadi imkanlar daha çoxdur.
Birləşmiş Krallıq isə siyasi fəallara sığınacaq verməyə "o qədər könüllü deyil", FPC deyir. "...Bir neçə tanınmış şəxs burada (sığınacağa) iddia etməkdə problemlərlə üzləşib".
BMT-nin qaçqınlar komissiyasının illik hesabatına əsasən 2012-2013 arasında Azərbaycandan sığınacaq almaq istəyənlərin sayında 16 faizlik artım müşahidə olunub və onların sayı 2030-dan 2360-dək artıb.




















