Mətanət Əzizovanın evində axtarış aparılır

Baş Prokurorluğun müstəntiqləri Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizovanın evində axtarış aparmaq üçün onun evinə gəlib.
BBC Azərbaycancaya vəkil Samirə Ağayeva deyib ki, çərşənbə axşamı Baş Prokurorluğa çağırılan xanım Əzizovanın həyat yoldaşı Eldar Əzizova evdə axtarış aparılacağı barədə məlumat verilib.
"Dindirmə olmayıb. Biz hələ mənzilə daxil olmamışıq, müstəntiq və hal şahidləri gəlib. Axtarış aparılması üçün məhkəmə qərarı ilə hələ tanış olmamışıq".
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC Azərbaycancaya prokurorluğun hüquq müdafiəçisinin evində axtarış aparılması ilə bağlı "şərh vermək istəmədiyini" bildirib.
"Aparılan istintaq hərəkətləri ilə bağlı zərurət yarandıqca həmin cinayət işi ilə bağlı ictimaiyyətə informasiyalar veririk, ona görə də dediyiniz məsələyə hər hansı şərh vermək istəmirik".
Mayın 3-də prokurorluq əməkdaşları xanım Əzizovanın evində axtarış aparmaq üçün mənzilə gedib. Turan İA-nın yaydığı məlumata görə, hüquq müdafiəçisi evdə olmayıb və onunla əlaqə yaratmaq mümkün olmayıb.
Xanım Əzizovanın rəhbəri olduğu təşkilat aprelin 29-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İdarəsində dindirilən və evində axtarış aparılan Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun tərəfdaşıdır.
"Ayna-Zerkalo" qəzetinin jurnalisti Rauf Mirqədirovla bağlı cinayət işində hüquq müdafiəçisi Leyla Yunusun da adı çəkilib.
Rauf Mirqədirovun vəkili Fuad Ağayev jurnalistin həbsindən sonra keçirdiyi mətbuat konfransında bildirmişdi ki, cənab Mirqədirovun iştirak etdiyi layihələrdən biri "Region" Tədqiqat Mərkəzinin rəhbəri Laura Bağdasaryan və Leyla Yunus tərəfindən təşkil olunub.
Aprelin 25-də xanım Bağdasaryan və xanım Yunusun buraxdıqları birgə müraciətdə cənab Mirqədirovun dərhal azadlığa buraxılması tələb olunur.
Aprelin 28-də isə hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusov Dohaya yollanarkən Bakı aeroportunda saxlanılaraq evlərində axtarış-baxış üçün gətirilib. Səhəri gün isə, Yunuslar ailəsinin evində və ofisində axtarış aparılıb. Baş Prokurorluq xanım Yunusdan jurnalist Rauf Mirqədirovun işi üzrə şahid qismində ifadə alındığını bildirib.
Rauf Mirqədirovun məhkəməsi
Çərşənbə axşamı Nəsimi Rayon Məhkəməsində "casusluq" ittihamı ilə həbs edilən jurnalist Rauf Mirqədirovun işi üzrə məhkəmə prosesi keçirilib.
Vəkil Fuad Ağayev BBC Azərbaycancaya deyib ki, müdafiə tərəfinin cənab Mirqədirovun iki gün "qanunsuz" həbsdə saxlanılması ilə bağlı vəsatəti təmin edilməyib.
"Şikayətimiz təmin edilmədi", o bildirib.
"Ayna-Zerkalo" qəzetinin Türkiyə təmsilçisi, jurnalist Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib və Bakı hava limanında saxlanılıb.
Aprelin 21-də jurnalistin vəkili Fuad Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, cənab Mirqədirov 2008-2009-cu illərdə Azərbaycandakı "hərbi vəziyyət barədə Ermənistana məlumat ötürməkdə" şübhəli bilinir.
Vəkilin sözlərinə görə cənab Mirqədirov barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. O, jurnalistə qarşı iddiaları "məntiqdən uzaq" adlandırıb.
























