N!DA-çıların məhkəməsindən sonra saxlanılanların məhkəməsi bitib

N!DA fəallarına hökm oxunduqdan sonra polislə qarşıdurmada saxlanılan fəallardan üçü 400-600 manat cərimə olunub, beş gənc fəal inzibati həbs cəzası verilib, üç nəfərə xəbərdarlıq olunub.
AXCP sədrinin müşaviri Məmməd İbrahim BBC Azərbaycancaya deyib ki, məhkəmənin qərarı ilə "yeri, vaxtı, küçə yürüşünə münasibətdə marşrutu qanunla müəyyən edilmiş qaydada razılaşdırılmamış toplantıda iştirak etməyə görə" Orxan Rüstəmzadə 400 manat, Toğrul İbrahimli 600 manat, Türkel Əlisoy 600 manat civarında cərimə edilib.
Cənab İbrahim deyib ki, eyni maddə ilə məhkəmə Tural Abbaslıya 15, Kəmalə Bənənyarlıya 30, Orxan Eyyubzadəyə 20, Hacı Zeynallıya 15, Şəfi Şəfiyevə isə 15 sutkalıq inzibati həbs hökmü çıxarıb.
"Turan İbrahim, Orxan Rzayev, Hüseyn Qarasuluya xəbərdarlıq olunub, digərlər gənclər məhkəmə zalından azadlığa buraxılıb".
Çərşənbə günü N!DA fəallarına hökm oxunduqdan sonra polislə qarşıdurmada saxlanılan 14 fəalın məhkəməsi başlayıb.
Gənc fəallardan biri, AXCP üzvü Türkel Azərtürk "yeri, vaxtı, küçə yürüşünə münasibətdə marşrutu qanunla müəyyən edilmiş qaydada razılaşdırılmamış toplantıda iştirak etməyə görə" 400 manat cərimə edilib.
Məhkəməyə çıxarılacaq gənclərin səkkizi AXCP, üçü Musavat partiyası, digər iki nəfər N!DA Vətəndaş Hərəkatı və Azad Gənclik Təşkilatı üzvüdür, bir nəfərsə bitərəfdir.
Mayın 6-da N!DA VH-nın səkkiz fəalı barədə məhkəmə qərarından sonra onları dəstəkləyən onlarla gənc "azad et" şüarları səsləndirməyə başlayıb. Bu zaman polislə gənclər arasında qarşıdurma yaranıb. Ondan çox gənc fəal həbs olunub, o cümlədən bir neçə jurnalist saxlanılıb və sonradan sərbəst buraxılıb.
AXCP sədrinin müşaviri Məmməd İbrahim BBC Azərbaycancaya deyib ki, "dəqiqləşdirilmiş siyahı"ya görə Hüseyn Qarasulu, Toğrul və Tural İbrahimli, Kamran Zeynalov, Türkel Əlisoy, Fizuli Ovçuyev, Kəmalə Bənənyarlı və Rəsul Mürsəlov ötən gecə 21 və 22 saylı Nəsimi Polis bölmələrində saxlanılıb.
Bu səhər onlar Nəsimi Rayon Məhkəməsinə gətirilib. Onlardan bəziləri "polisə müqavimət" maddəsi ilə ittiham olunur, cənab İbrahim qeyd edib.
Onun sözlərinə görə, hazırda məhkəmə önündə çoxlu sayda polis əməkdaşları var və məhkəmə binasına yaxınlaşmağa icazə verilmir.
"Məhkəmənin önündəki səkidə belə dayanmağımıza imkan vermədilər və bizi əks yola sıxışdırdılar. Üstəlik çəkiliş aparan jurnalistlərə də təzyiq edirlər", cənab İbrahim deyir.
Məhkəməsi olacaq şəxslər arasında Musavat partiyası üzvlərindən- Tural Abbaslı, Orxan Eyyubzadə və Şamil Beydulla, Azad Gənclik təşkilatından Orxan Rüstəmzadə, N!DA Vətəndaş Hərəkatından Rəhman Məmmədli və bitərəf Şəfi Şəfiyevin adı çəkilir.
AXCP üzvü Əbülfəz Qurbanlı BBC Azərbaycancaya deyib ki, ötən gün saxlanılanlardan AXCP-çi Çilənay Azərtürk və Seyran Nəbiyev polis bölməsində 50 manat cərimə olunub və dərhal azad edilib.
Vəkil Əsabəli Mustafayev BBC Azərbaycancaya deyib ki, saxlanılan fəalların dəqiq nədə ittiham olunduğunu bilmədiyindən onların hüquqlarını qoruya bilmir.
"Onlara inzibati həbs versələr hüquqlarının müdafiəsinə qoşulmağa hazırıq. Amma gəncləri dəqiq nədə ittiham olunduğu məlum deyil və buna görə mən order ala bilmirəm".
Daxili işlər Nazirliyindən fəalların hansı maddə ilə ittiham olunması ilə bağlı açıqlama almaq mümkün olmayıb.
Mayın 6-da kütləvi iğtişaşların təşkili və narkotik maddə ittihamı ilə həbs edilən səkkiz N!DA fəalı barədə 6-8 il arası həbs cəzası barədə hökm verilib.
Bundan sonra, fəalları dəstəkləyənlər "azad et" şüarları səsləndirməyə başlayıb və polislə gənclər arasında qarşıdurma yaranıb.
Nəticədə 16-ya yaxın gənc fəal həbs olunub, o cümlədən bir neçə jurnalist saxlanılıb. Sonradan jurnalistlər buraxılsa da, gənc fəalların bir neçəsi polis bölmələrinə aparılıb və orada saxlanılıb.
























