Ermənistana gedən QHT rəhbərləri Mirqədirovun işi ilə bağlı dindirilib

Rauf Mirqədirov
Şəklin alt yazısı, Rauf Mirqədirov
Çap edildi

Çərşənbə axşamı Avropa Azərbaycan Hərəkatının prezidenti Ramin Hacılı dörd saatdan çox Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Rauf Mirqədirovun işi üzrə dindirilib.

"Rauf Mirqədirovun işi ilə bağlı şahid qismində dindirildim. Məlum oldu ki, mənim onla heç bir əlaqəm yoxdur və biz bir yerdə hər hansı bir tədbir keçirməmişik, nə də Leyla Yunusun bu istiqamətdə layihələri ilə Ermənistana getməmişəm", cənab Hacılı BBC Azərbaycancaya deyib.

Gənc fəal bildirib ki, istintaq "casusluq" maddəsi ilə ittiham olunan jurnalistlə əlaqələrin "nədən ibarət olunduğunu" soruşub.

"Bizim əlaqələrin nədən ibarət olduğunu öyrənmək istəyirdilər və onların iştirak elədiyi layihələr barəsində nə bilib bilmədiyimi soruşurdular. Mən də başqa layihələr çərçivəsində işlər gördüyümüzü dedim və hər hansı əlaqəmizin olmadığını söylədim".

Cənab Hacılı sonda onu da qeyd edib ki, ifadəsinə qol çəkib və ondan hər hansı iltizam alınmayıb.

Mayın 26-da Münaqişələrin Transformasiyası üçün Təsəvvür Mərkəzinin Azərbaycan üzrə direktoru Həmidə Qiyasbəyli eyni iş üzrə istintaq idarəsində şahid qismində dindirilib.

"Üç saat məni Rauf Mirqədirovun və Leyla Yunusun məsələsi ilə bağlı dindirdilər. Amma dindirilmənin detallarını açıqlaya bilməyəcəm. Çünki məndən iltizam alınıb. Ermənistana gedənlərdən biri də mən olmuşam".

Yerli medianın yazdığına görə, mayın 22-də Qadın Krizis Mərkəzinin keçmiş əməkdaşı Azad İsazadə və Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov eyni işlə bağlı şahid qismində dindirilib.

Prokurorluğa müraciət

Çərşənbə günü cənab Mirqədirovun vəkili Elmar Süleymanov Baş Prokurorluğa müraciət edərək jurnalist barəsində seçilmiş həbs-qətimkan tədbirinin "başqa yerə getməmə barədə intizamla" əvəz edilməsini istəyib.

"Biz xahiş etdik ki, Baş Prokurorluq bununla bağlı məhkəmə qarşısında təqdimatla çıxış etsin", - APA cənab Süleymanova istinadən yazıb.

Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunduqdan sonra dövlətə xəyanət ittihamı ilə həbsə alınıb.

Jurnalistin vəkili ittihamı "məntiqdən uzaq" adlandırıb. Rauf Mirqədirov ifadə verməkdən imtina edir.

Mayın 24-də Mirqədirovun atası Həbibulla Mirqədirov həyatını itirib. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Mirqədirov atasının dəfnində iştirak etmək üçün müvəqqəti azadlığa buraxılıb.

Mayın 26-da BBC Azərbaycancaya müsahibəsində jurnalistin anası Rəfiqə Mirqədirova prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək oğlunun azadlığa buraxılmasını xahiş edib.

"Çox xahiş edirəm ki, oğlum saf və təmiz insandır, bütün bunları nəzərə alaraq onu buraxsınlar. Onun cavanlığına, atasının rəhmətə getməsinə, anasının qoca yaşlı qadın olmasına görə (günahından) keçsinlər. Göstərilən məqalələrində əgər o həqiqətən səhv edibsə, kiminsə könlünə toxunacaq bir hissə varsa keçsinlər", o deyib.