Göyçayda saxlanılan nurçuların həbs müddəti daha üç ay uzadılıb

Gulen
Şəklin alt yazısı, "Nurçu" təriqətinin üç üzvünün həbs müddəti uzadılıb.
Çap edildi

"Dini ayrıseçkilik, qadağan olunmuş dini təbliğat" maddəsi ilə ittiham olunaraq saxlanılan "nurçu" təriqətinin üç üzvünün həbs müddəti uzadılıb.

Saxlanılanlardan biri Eldəniz Hacıyevin vəkili BBC Azərbaycancaya deyib ki, iyunun 7-də Səbayıl Rayon Məhkəməsinin qərarı ilə hər üç təriqət üzvünün həbs müddəti 3 ay uzadılıb.

"Məhkəmə tamamilə əsassız qərar çıxardı və bu şəxslərin istintaqa cəlb edilmələri qanunsuzdur. Amma bunlara Cinayət Məcəlləsinin 168.2 maddəsi ilə ittiham verirlər".

CM-nin 168.2 maddəsidni məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan qrup təşkil etmə anlayışını özündə ehtiva edir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Göyçay rayonu Xıdır Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində "Nurçuluq" dini təriqətinin "sunqurçular" cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

Göyçay rayonu Bakı küçəsindəki evdən "nurçu" təriqətinə aid "yayılması qadağan olunan" ədəbiyyat və bəzi əşyalar aşkar olunaraq götürülüb.

"545 ədəd “Risaleyi Nur" kitabları, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir mişeni, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülüb", rəsmi açıqlamada deyilir.

Vəkilin sözlərinə görə, saxlanılan şəxslərin hər üçü "kitab oxumaqla məşğul olub".

"Sakit, ziyalı insanlardır. Onların fəalyyəti qanunla qadağan olunmayıb", vəkil əlavə edib.

Cənab Abbasovun sözlərinə görə, hər üç şəxs Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasındadır.