Gəncə: qasırğa və leysan şəhər infrastrukturuna "ziyan vurub"

Şəklin mənbəyi, Arzuman Gencevi
Azərbaycanın şimal-qərbində yerləşən Gəncə şəhərində ötən gecə güclü qasırğa və leysan nəticəsində ən azı dörd nəfər xəsarət alıb.
"Heydər Əliyev Prospektində qırılan ağacın altında qalanlar Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Gecə bir nəfərin çinar ağacının başına düşərək öldüyünü dedilər. Lakin bu məlumat təsdiqini tapmayıb". Gəncə sakini Səbinə Əkbərova BBC Azərbaycancaya deyib.
BBC Azərbaycanca Təcili Tibbi Yardım Xəstəxanası ilə əlaqə yaratmaq cəhdləri baş tutmayıb.
Gəncə şəhər Baş Polis İdasərindən BBC Azərbaycancaya təbii fəlakət zamanı bir nəfərin ölümü ilə bağlı iddialar təkzib olunub. Növbətçi hissədən bu məlumatın "yalan" olduğu bildirilib.
Mobil rabitə və elektrik təchizatı kəsilib
Güclü qasırğanın bütün şəhəri "iflic" vəziyyətinə saldığını deyən şəhər sakini insanların böyük həyacan keçirdiyini bildirib.
"Bütün gecəni şəhər yatmayıb. Qasırğa 10 radələrində başlayanda şəhərin 80 faizində işıq kəsildi, mobil şəbəkə kəsildi. Həmin vaxt küçədə maşın sürürdüm və rol əlimdən çıxırdı", Əkbərova hadisəni belə təsvi edir.
Bir çox evlərin dam örtüyünün tamamilə dağıldığını deyən şəhər sakini onlarla yaşlı çinar ağaclarının güclü küləyin təsirində aşdığını söyləyib.
"Bütün işıq dirəkləri yıxılıb, yüzlərlə reklam şitləri, 300-500 yaşı olan çinar ağacları qırılıb avtomobillərin üstünə düşüb. Evləri su basıb, hətta hündürmərtəbəli binalardan belə evlərə su dolub. Yanğınsöndürmə maşınları evlərdən su Bir çox insanlar evsiz qalıb".
Hazırda havanın normal olduğunu qeyd edən Əkbərovanın sözlərinə görə, qasırğa Gəncədən sonra Dəşkəsəndə də güclü şimşək və qasırğa olub.

Şəklin mənbəyi, Arzuman Gencevi
"Gəncədə gecə saat 12-1 arası yenidən qısamüddətli qasırğa oldu. Sonra mənim gördüyümə görə, Daşkəsən tərəfdə də güclü qasırğa oldu".
Digər şəhər sakini Arzuman BBC Azərbaycancaya deyib ki, işıq dirəklərinin aşması nəticəsində şəhərin çox yerində işıq təchizatı kəsilib, cinar ağacları ən azı iki maşının üstünə aşıb.
"Şəhərin mərkəzində işıq bərpa olunsa da, müəyyən hissəsində indi də nə işıq, nə qaz var".
Gəncə şəhər Qaz İstismar Sahəsinin rəis müavini Vüqar Ələkbərov APA-ya deyib ki, qazxətlərinin üzərinə ağac qırılıb düşməsi səbəbindən təhlükəsizlik məqsədilə qaz verilmir və günün sonuna qədər təbii qazın verilməsi bərpa olunacaq.
İcra başçısı Elmar Vəliyev: "Şəhərə çox böyük ziyan dəyib"
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev baş verən hadisəni "böyük təbii fəlakət" adlandırıb.
"Mən deyərdim ki, zəlzələlər istisna olmaqla Gəncənin tarixində belə böyük fəlakət olmayıb. Amma bütün bunlara rəğmən deyə bilərəm ki, bütün hadisələr nəzarət altındadır. Artıq bütün qurumlar mərkəzləşdirilmiş qaydada öz işlərini görürlər", APA cənab Vəliyevdən sitat gətirir.
İcra başçısının sözlərinə görə, şəhərə "çox böyük ziyan" dəyib, amma yaranan problemlər bu gün günortaya qədər həll olunacaq.
"Qaz təsərrüfatında 27 yerdə böyük dağıntılar var. Şəhərin 80 faizində işıq yoxdur. Su-kanalizasiya sistemində problemlər aradan qaldırılır. Yüzlərlə 300-500 illik çinar ağacları məhv olub", icra başçısı deyib.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, havanın kəskin dəyişməsi nəticəsində Gəncə şəhəri və Daşkəsən rayonunda evləri, həyətyanı sahələri su basıb.
"Hal-hazırda qeyd olunan problemlərin həlli istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən tədbirlər görülür. Müəyyən edilmiş ərazilərə şəxsi heyət və texnika cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb", rəsmi məlumatda deyilir.
























