Azərbaycanda andlı iclasçılar məhkəməsinin yaradılmasından imtina edilir

Çap edildi

Azərbaycanda andlı iclasçılar institutunun yaradılmasından imtina edilib, Milli Məclisin 20 iyun iclasında deputatların qərarı belə olub.

Andlı iclasçılar məhkəməsindən imtina qərarı, Baş Prokurorluğun “Məhkəmələr və hakimlər haqqında” qanunda bu institutun ləğvini "məqsədəuyğun sayması"ndan sonra verilib.

"..Baş Prokurorluq tərəfindən bir sıra ölkələrin bu sahədəki təcrübəsi öyrənilib və məlum olub ki, andlı iclasçılar institutu gözlənilən səmərəni vermir", APA hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlidən sitat gətirir.

1997-ci ildə qəbul edilən “Məhkəmələr və hakimlər haqqında” qanunda deyilirdi ki, Qanunun andlı iclasçılara dair müddəaları məhkəmə-hüquq islahatları başa çatdıqdan və müvafiq Qanun qəbul edildikdən sonra qüvvəyə minir.

Lakin həmin dövrdən bəri belə qanun qəbul edilməyib.

Vəkil Fariz Namazlı deyir ki, Azərbaycanda andlı iclasçılar prinsipi ilə məhkəmə tətbiq edilməməsinin əsas səbəbləri arasında məhkəmə-hüquq islahatlarının başa çatmaması və belə məhkəmələrin "obyektiv qərar"a söykənə bilməməsini sadalayırlar.

Lakin Fariz Namazlının sözlərinə görə, hazırda andlı məhkəmələrə ehtiyac əvvəlkindən "daha çoxdur".

"Son dövrlərin məhkəmə proseslərində ədalətsiz qərarlar çoxaldığından ictimaiyətin məhkəmələrdə iştirakını daha məqsədəuyğum hesab edirik, çünki onlar məhkəmələrdə iştirak etdikdə məhkəmə siyasi və ya qeyri-siyasi işlər barədə ədalətsiz qərar verməkdən çəkinər".

Milli Məclisdə müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev andlılar institutunun ləğvinə etiraz edib.

"Pilot layihə kimi təqdim edilmədən belə..."

“Amma bu pilot layihə kimi təqdim edilmədən belə qanundan çıxarılır. Avropa dövlətlərinin əksəriyyəti andlılar institutundan istifadə edir. Konstitusiyaya görə, vətəndaşın dövlət idarəçiliyində iştirak etmək hüququ var. İndi bu hüquq onun əlindən alınır".

Cənab Həsənquliyevin sözlərinə görə, andlı iclasçılar "daha doğru" qərar qəbul edə bilir.

"..onlar hakimiyyətdən daha az asılıdırlar və karyera haqda düşünmürlər. Bu institut mütləq saxlanılmalıdır”, mediaforum yazır.

Deputat Siyavuş Novruzov isə ictimai müzakirə keçirilməsini və andlılar məhkəməsinin qanunvericilikdə qalmasını təklif edib.

“Ən sərt rejim olan sovet məhkəməsində xalq nümayəndəsi vardı və proseslərdə iştirak edirdi. Andlılar məhkəməsinin olması həm də vəkillik institutunun inkişafını ortaya çıxarır, bəzi neqativ halların qarşısını alır. Elə hakimlər var ki, öz şəxsi marağına görə ədalətsiz hökmlər çıxarır. Məncə, andlılar məhkəməsi bunun da qarşısını alır".

Deputat Əli Hüseynli isə bildirib ki, andlılar məhkəməsində iclasçıların qərarının qəbulunda hakim iştirak etmədiyindən təqsirliliyin müəyyənləşdirilməsində "kifayət qədər əsaslı olmayan" qərarlar verilə bilər.

"Çünki əsasən hüquq təhsili olmayan şəxslərdən ibarət olan andlı iclasçılar bəzən hüquqi mühakimə yürüdə bilmir. Bu fakt isə cinayət qanunvericiliyi prinsiplərinin pozulmasına gətirib çıxara bilər".

“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər Milli Məclisə Baş Prokurorluq və Ali Məhkəmə tərəfindən təqdim olunub.