Azərbaycanlı miqrantların xanımları nə istəyir? - hesabat

Şəklin mənbəyi, BMT
Xaricdəki azərbaycanlı əməkçi mühacirlərin Azərbaycanda qalan ailələri əsas gündəlik ehtiyaclarını ödəmək üçün maddi vəsaitin "çatışmazlığından əziyyət çəkirlər", Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin İnkişaf Proqramının birgə hazırladığı hesabatda deyilir.
Cümə axşamı "Azərbaycanlı miqrantların Azərbaycankı həyat yoldaşları və ailə üzvlərinin vəziyyəti haqqında Tədqiqata dair Hesabat"ı təqdim edən BMqT-nin Azərbaycandakı nümayəndəsi Sərkan Aktoprak bildirib ki, qadınların əksəriyyəti mühacirəti "ailə münasibətlərinin korlanmasına" səbəb sayır.
Lakin onların böyük əksəriyyəti mühacirətin iqtisadi vəziyyəti yaxşılaşdırdığını istisna etməyib. Həmçinin miqrant ərlərin uzun müddət əlaqə saxlamaması azərbaycanlı ailələr üçün xüsusi bir çətinlikdir. Belə əlaqələrin olmaması uşaqlara da mənfi təsir göstərir, çünki onların ata dəstəyi və münasibətinə ehtiyacı var, sənəddə deyilir.
Hesabatda bildirilir ki, miqrantların Azərbaycanda qalan həyat yoldaşları və uşaqları üçün nəzərdə tutulmuş hər hansı bir formada sosial yardım və ya dəstəyin Azərbaycan Respublikasında hal-hazırda mövcud deyil.
Əsas miqrantlar kəndlərdəndir
Sənədə görə, adətən azərbaycanlı miqrantlar kənd yerlərində yaşayan kişilər olur. Onlar qeyri-miqrantdan daha yaşlı və az ixtisaslı olur və getdikləri ölkədə iş icazələri olmadan çalışır.
Lakin qadınlar isə öz uşaqlarını böyütmək və onlara təhsil vermək üçün ölkədə qalmalı olurlar.
Belə kişilərin 56 xanımı ilə aparılan sorğu nəticəsinə görə bəlli olub ki, ərləri müharicət etdikdən sonra, cəmi birinin maliyyə vəziyyəti icmadakılardan "daha yaxşı", 35 nəfər isə "daha pis" durumdadır.
18 qadın isə əri müharicətə getdikdən bəri onunla heç əlaqə saxlamır. Təkcə bir qadının əri ilə münasibəti "çox yaxşı və qarşılıqlı inam" əsasındadır.
34-nün əri evə pul göndərmir. 21 kişi uşaqlarının qayğısına qalır, 12 ata uşaqları ilə heç maraqlanmır.
Buna baxmayaraq, son 12 ayda 40 ana uşaqlarını məktəbə davamlı göndərib. Qalanlar isə sağlamlıq, ev işlərində çalışmaq, eləcə də məktəb ləvazimatlarının olmaması və məktəbin evdən həddən artıq uzaq olması səbəblərinı görə uşaqları məktəbdən yayındırıb.
Bundan başqa, 18 ana deyib ki, əri miqrasiya etdiyinə görə övladından ev işlərində çalışmaq və pul qazanmaq kimi öhdəliklər tələb olunub.
15 qadın bildirib ki, son il ərzində həftədə 2-3 dəfə övladını yedirməkdə çətinlik çəkib. 16 qadın isə belə problemlə heç qarşılaşmayıb.
Qohumlara gəldikdə isə, qadınların 25-i ərinin qohumları ilə "yaxşı" yola gedir. 31 qadın qohumlardan dəstək almır.
Respondentlərin üzləşdikləri problemlərə gəldikdə isə, qadınlar maliyyə-maddi çətinlikdən əlavə, ərlərinin gələcək planlarını bilmir, ərlərinin həyatından xəbərsiz olduqlarından boşanmaq istəyir, uşaqlarının tərbiyəsində ərlərinə ehtiyacla üz-üzə qalır.
Hesabata görə, qadınlar problemlərinin həlli üçün təcili maliyyə yardımı, peşə təhsili almaq və biznes qurmaq, hüquqi yardım, eləcə də ərləri üçün Azərbaycanda davamlı iş və gəlir istəyir.
Lakin qadınlardan çoxu isə ərlərinin, qohum-qonşuların təzyiqinə görə ön plana çıxa bilmir.
Cənab Aktoprakın sözlərinə görə sorğu üçün 200 qadın nəzərdə tutulsa da, cəmi 56 qadın müsahibələrə razı olub.
"Maarifləndirmə çox az olduğundan onlar öz hüquqlarını bilmir və onlar bitkin vəziyyətə düşür, vəziyyəti dəyişdirməyə meyl də etmir".
Nazirlik "xəbərdardır"
Hesabatın təqdimatında iştirak edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmova deyib ki, təmsil etdiyi qurum bu məlumatlardan xəbərdardır.
"Bu gün Azərbaycana gələn işçi miqrantlar da var, bu o deməkdir ki, xaricə gedən azərbaycanlılar Azərbaycanda qalaraq həmin işlərdə çalışa bilər".
Lakin Qəhrəmanova deyir ki, adətən kənd yerlərindən olan belə kişilər eyni işləri ölkəsində görməyi özünə sıxışdırmır, "bu, psixoloji məqamdır".
Sənəddə tövsiyyə olunur ki, spesifik ehtiyaclara əsaslanaraq Ailə Məcəlləsində dəyişikliklər edilsin, bəzi müdafiə mexanizmlərinin tətbiq olunsun, ailələrə məşğulluq və hüquqi məsələlərlə bağlı məsləhətlər verilsin, tibbi, psixoloji və sosial yardım göstərilsin.
Əsasən Bakı, Goranboy, Lənkəran, Masallı, Mingəçevir, Naftalan, Sumqayıt, Şəmkir, Şəkir və Yardımlıda yaşayan qadınların 46-sı kənd məntəqələrindədir.
























