Rəşad Şirinin bloqu: İlham Əliyevin çıxışı haqqında

Şəklin mənbəyi, AFP
- Müəllif, Rəşad Şirin
- Vəzifə, Siyasi təhlilçi, Bakı
- Çap edildi
İlham Əliyevin Strasbourgdakı çıxışına baxdım. Özünə güvəni sərgiləyən və bəzən də sərt bir tövrlə danışırdı. Kəskin suallara kəskin cavablar verirdi, çoxlu təkrarlar edirdi.
İfadə azadlığı, toplaşma azadlığı ilə bağlı suallara verdiyi cavablar və gətirdiyi misallar inandırıcı deyildi. Qarabağ məsələsində verdiyi mesajlar və cavablarda özünü daha rahat və güclü hiss edirdi, çünki bu məsələdə Azərbaycan kütləsinin dəstəyini hiss edirdi - vətənpərvər ritorika hər zaman daha populyardır.
Arada insan haqları ilə bağlı cavablarda da vətənpərvər ritorikaya müraciət edirdi. “Ölkəmizin prestijini alçaltmaq istəyənlər var” deyirdi.
İki məsələni vurğulayacam. Birincisi, dövlətin vətəndaş cəmiyyəti üzərindəki təsiri və insanların ictimai və siyasi həyatda iştirakı baxımından çox vacib məqamlardan biri odur ki, dövlət güvənilən ictimai sahə (public space) yaratsın və ya başqa sözlərlə ictimai sahədə sərbəstliyə icazə versin.
İctimai sahə xəyali bir sahədir, bu o məkandır ki, orada vətəndaş dövlət ilə təmasa keçə bilər – şikayət edə bilər, tənqid edə bilər, etiraz edə bilər. Bu sahə nə qədər sərbəst və təhlükəsizdirsə insanlar da o qədər sivil həyatda çox iştirak edəcək, vətəndaş olaraq fəal olacaq və sairə. Azad və güvənilən ictimai sahənin yaranmasının iki əsas bünovrəsi isə birləşmə və ifadə azadlığıdır.
İlham Əliyevə məhz bu iki azadlıqla bağlı suallar verildi Strasbourgda. Bu iki azadlığın Azərbaycanda təmin olunmadığını orada demək olar ki hamı anlayırdı. Azərbaycan dövlətinin mesajı isə son dərəcə aydın idi: status-quo davam edəcək.
“Biz bu sahədə dəyişikliklər edəcəyik” mesajı verilmədi. Aydındır ki, Azərbaycanda siyasi elitaya hal-hazırda demokratikləşmə lazım deyil. Elita mümkün olduğu qədər çox hakimiyyətdə qalmağı hədəfləyir və hal-hazırda siyasi islahatlar onun üçün oturduğu budağı kəsmək kimi bir şeydi.
İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, xariqələr gözləmək lazım deyil və neftlə zəngin olan post-Sovet ölkəsində dövlətin cəmiyyətə imkanlar tanıması bir sıra səbəblərdən hələ ki mümkün olan məsələ deyil.

Şəklin mənbəyi, AFP
İkinci məsələ, beynəlxalq qurumların (xüsusilə də demokratikləşmə, insan haqlarının qorunmasını hədəf qoyan qurumların) yeni müstəqil dövlətlərdə uğursuz olmaları artıq çox barizdir.
Bu cür qurumların əlində kifayət qədər rıçaq olmadıqda və hədəf ölkənin hakim elitası demokratikləşməni və islahatları prioritet olaraq qoymadıqda çox acınacaqlı bir səhnə yaranır.
Beynəlxalq qurumlar ölkəni itirmək istəmirlər, amma eyni zamanda başa düşürlər ki, bu ölkələr onların daxilində qaldığı müddətdə standartlar çox aşağı düşür.
Bu baxımdan Qazaxıstanın ATƏT-in sədri olması, Azərbaycanın AŞ-nin Nazirlər Komitəsinin prezidenti olması kimi qəribə olayların şahidi oluruq. İnstitusional baxımdan bu normaldır, çünki bu qurumlarda rəhbərlik rotasiya ilə həyata keçirilir.
Standartların aşağı düşməsini böyük dövlətlər siyasi maraqlarla kompensasiya edirlər. Məsəl üçün, ATƏT-in əsas maliyyə mənbəyi əslində 3-5 ölkədi (ABŞ, İngiltərə və s.) və böyük anlamda qərarlara əsas təsir edən onlardı.
Onlar üçün Azərbaycanın AŞ və ATƏT-də qalması (Avrasiya İttifaqına qoşulmaması) daha vacibdi nəinki Azərbaycanın insan haqqları sahəsində götürdüyü öhdəlikləri yerinə yetirməsi. Yəni təbii ki, daha yaxşı olardı ki, Azərbaycan bu öhdəlikləri yerinə yetirərdi, amma yetirmirsə də bu faciə deyil Avropa siyasətçiləri üçün.
ATƏT PA və ya AŞ PA siyasi partiyalardan və siyasətçilərdən ibarətdir. Siyasətçilər ölkə daxilində nə qədər həssas olsalar da, ölkədən kənardakı məsələlər heç vaxt onlar üçün eyni həssasiyyətə malik deyil. Siyasətçilər daha çox dil tapmaq, uzlaşmaq, daha geniş strateji məqsədi görmək istəyirlər.
ATƏT PA-nın hər seçkidən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun İlkin Bəyanatına təsir etmək cəhdi artıq hamının agah olduğu bir məsələdir. DTİHB deyir ki, biz seçkini izləmişik, biz nəyin nə olduğunu bilirik. ATƏT PA deyir ki, biz siyasətçilərik, seçilmişik, biz daha böyük şəkli görə bilirik.
20-ci əsrin ikinci yarısında qurulan, Soyuq Müharibə bitdikdən sonra genişlənən Qərbin çoxtərəfli qurumları haqqında çox danışmaq olar.
Qısaca onu qeyd edek ki, bu qurumların rolu bəzən şişirdilmiş olur, çünki güman edilir ki, onların dövlətlərin siyasətindən kənar, və ya onun üstündə müstəsna bir gücü var. Əslində elə deyil. Beynəlxalq institutların başını ayrı-ayrı dövlətlər çəkir və o, dövlətlərin, siyasi qrupların maraqları orada da rol oynayır və hətta həlledici rol oynayır.
Biraz da təxminən Eurovision effekti var: hansısa bir ölkənin ifasından daha çox o dövlətə aid digər dövlətlərin maraqlarınin nədən ibarət olması daha önəmlidir.
























