Ukrayna: Ordu separatçılara qarşı əməliyyatları bərpa edib

Şəklin mənbəyi, AP
Ukrayna hərbi qüvvələri on gün davam edən atəşkəsin ardından, ölkənin şərqindəki rusiyapərəst separatçılara qarşı xüsusi hərbi əməliyyatları bərpa edib.
Ukrayna hakimiyyəti döyüşçülərin bazalarına hava və qurudan yeni zərbələrin endiriləcəyini bildirib.
“Sizi məlumatlandırmaq istəyirəm ki, səhərdən fəal antiterror əməliyyatlar bərpa edilib, bizim silahlı qüvvələrimiz terrorçuların bazalarına və istinad nöqtələrinə zərbələr endirəcəklər,” - Ali Radanın iclasında çıxış edən parlamentin sədri Aleksandr Turchinov bildirib.
Keçirilən əməliyyatların mətbuat mərkəzinin nümayəndəsi Aleksandr Dmitrashkovski isə qeyd edib ki, bir qrup separatçı antiterror əməliyyatları bölgəsindən çıxmaq üçün dəhlizin yaradılması ilə bağlı Ukrayna hərbiçilərinə müraciət edib.
“Dünən axşam üç döyüşçü gələrək orduya qoşulmaları ilə bağlı danışıqlara başlayıblar,” - mətbuat mərkəzinin zabiti BBC-ə bildirib.
Eyni zamanda, BBC-nin Donetskdəki müxbirinin sözlərinə görə, döyüşçülərin kütləvi yerdəyişməsi ilə bağlı bəyanatlar şişirdilmiş ola bilər.
Rusiya prezidenti Vladimir Putin isə prezident Petro Poroşenko-nun “hərbi əməliyyatların bərpası” ilə bağlı qərarından narazılıq ifadə edib və qeyd edib ki, bununla da cənab Poroşenko , “şərqi ukraynada baş verənlərlə bağlı bütün hərbi və siyasi cavabdehliyi üzərinə götürüb.”
Moskvada rusiyalı diplomatlarla görüşündə çıxış edən cənab Putin Ukraynada baş verənləri “dünyada gedən neqativ tendensiyanın kuliminasiya nöqtəsi” adlandırıb.
Atəşkəs

Şəklin mənbəyi, AFP
Bundan öncə Ukrayna prezidenti Petro Poroşenko separatçılarla bağladığı atəşkəsi dayandırdığını açıqlayıb.
"Biz hücum edəcəyik, torpaqlarımızı azad edəcəyik", onun sitatında deyilir.
Cənab Poroşenko bildirib ki, sülh şansı rusiyapərəst silahlıların "kriminal fəaliyyəti" ucbatından itirilib.
Ukrayna höküməti və separatçı qrup arasında 10 gün sürən atəşkəs bazar ertəsi axşamı sonlanıb.
Hər iki tərəf bir-birini sülhü pozmaqda ittiham edib.
Interfax-Ukrayna agentliyi rusiyapərəst silahlıdan sitat gətirir ki, Ukrayna qüvvələri Kramatorsk şəhərinə yenidən hücum edib.
"Atəşkəsi davam etdirməmək qərarı bizim terrorçulara və silahlılara cavabımızdır", cənab Poroşenko deyib.
Bu hadisələrin fonunda isə ötən gün Fransa prezidenti Francois Hollande deyib ki, Ukrayna və Rusiya ölkənin şərqində sülhə nail olmaq üçün birgə çalışmağa razılaşıb.
Açıqlama Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin müzakirələrindən sonra verilib.
Silahlı rusiyapərəst qiyamçılar Ukraynanın şərqində şəhər və kəndləri tutmaqda davam edir. Artıq Donetsk və Luhanskın separatçı liderləri müstəqillik elan edib.
Ukrayna qoşunları da silahlılara qarşı əks hücuma keçib.
Avropa liderləri və ABŞ Rusiyanı təsir qüvvəsindən istifadə edərək qiyamçıları zorakılığı dayandırmağa sövq etməyə çağırıb. Əks halda isə Rusiyanı əlavə iqtisadi sanksiyalarla təhdid ediblər.
Atəşkəsin Fransa prezidentinin bazar ertəsi Vladimir Putin və Petro Poroşenko ilə <link type="page"><caption> görüş</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2014/06/140630_ukraine_leaders_talks_clashes.shtml" platform="highweb"/></link>dən sonra da davam edəcəyinə ümid var idi.
Cənab Putin bundan əvvəl atəşkəsin önəmini vurğulayaraq ATƏT-i sülh monitorinqində "fəal rol" oynamağa çağırıb.
ATƏT isə bir qədər əvvəl Ukraynanın şərqində monitorinq əməliyyatlarını dayandırdığını bildirib.
























