Xədicə İsmayıl hava limanında bir neçə saat saxlanandan sonra buraxılıb

Çap edildi

Araşdırmaçı-jurnalist Xədicə İsmayıl Strasburqdan Bakıya qayıdarkən hava limanında bir neçə saat çəkən yoxlanışlardan sonra sərbəst buraxılıb.

Xanım İsmayıl onun çemodanı və üstünü yoxladıqdan sonra gömrük rəsmilərinin flaş karta baxış keçirmək tələbəni rədd etdiyini bildirib. Mübahisəli məsələ ilə bağlı polisə aparılan jurnalist bir qədər keçmiş Facebook səhifəsində buraxıldığını bildirib.

"Chixdim. Dediler flash kart usb kart deyil deye hech onlara lazim da deyil. Men de bundan sonra fotoaparata salib gosterdim ki kart boshdur. Cox hirslendiler".

Xədicə İsmayıl daha əvvəl hava limanında saxlanılacağı ilə bağlı xəbərdarlıq aldığını bildirib.

Sentyabrın 23-də Varşavada ATƏT-in zirvə toplantısında fundamental azadlıqlar mövzusunda keçirilən konfransda Xədicə İsmayıl Azərbaycanda insan hüquqlarının durumuna üzərində hazırda həbsdə olan fəalların şəkli olan köynəyi geyinərək Azərbaycan nümayəndə heyətinə üz çevirməklə etiraz edib.

"Ölkəyə qayıtmasan yaxşıdır, qarşılayacaqlar"

"Hökümətə yaxın adamlar mənim dostlarım vasitəsilə çatdırırlar ki, “ölkəyə qayıtmasa yaxşıdır, qarşılayacaqlar”. Mən dalınca elan etdim ki, qayıdacam. Ertəsi gün xəbər gəldi ki, mənə qarşı xüsusi ittiham qaydasında cinayət işi başlanıb", o bildirib.

Baş Prokurorluq bu iddiaları şərh etməkdən imtina edib.

Xədicə İsmayıl xüsusi ittiham qaydasında barəsində cinayət işinin açılması barədə məlumatı "hakimiyyətin planının pozulması" adlandırıb.

Jurnalistin sözlərinə görə, ölkəyə qayıtmaması ilə bağlı xəbərdarlığın ertəsi gün xüsusi ittiham qaydasında məhkəməyə verilməsi təsadüfi deyil.

Baş Prokurorluq bu iddiaları şərh etməkdən imtina edib.

"Azərbaycan höküməti çalışdı ki, ölkədən xaricdə və ya ölkənin içində olan bütün tənqidi səsləri susdursun, buna baxmayaraq hələ də tənqidi səslər səslənir. Mən bunu məhz hökümətin hamını susdurmağa yönəlmiş oyununun pozulmasına cavab kimi qiymətləndirirəm", Bakıya qayıtmaqdan öncə jurnalist BBC Azərbaycancaya müsahibəsində deyib.

Türkoğlunun sənədi

Sentyabrın 30-da yerli mediada Klassik Xalq Cəbhəsi Partiyasının keçmiş üzvü Elman Türkoğlunun Binəqədi rayon məhkəməsində Xədicə İsmayıla qarşı xüsusi ittiham qaydasında iddia qaldırdığı haqda məlumat yayılıb.

BBC Azərbaycaya açıqlamasında Elman Türkoğlu deyib ki, məhkəməyə müraciət etməsinin səbəbi bu ilin əvvəlində Facebook səhifəsində jurnalistin paylaşdığı "sənəd" olub.

"Saxta sənəd paylaşmışdı ki, guya mən Milli Təhlükəsizlik Nazirliyinin casusu olmuşam və ordan maaş almışam. Mən onunla danışdım və o sənədi yığışdırmasını istədim. O da dedi ki, silmirəm, get ver məhkəməyə", Türkoğlu bildirib.

Onun sözlərinə görə, MTN-ə müraciətindən sonra sənəd olduğu iddia olunan kağızın "araşdırmadan sonra saxta" olduğu məlum olub.

"O mənim şərəf və ləyaqətimi alçaldıb və ona görə həbsxanada oturmalıdır", o əlavə edib.

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın sözlərinə görə, Türkoğlu onun haqqında hansısa sənəd yaydığını "sübut edə bilməz".

"Mən yaydığım sənəddə adamın adını silmişəm və ona niyə o konteksdə adını hallandırmaq lazım idi bilmirəm. Əslində təxmin edirəm ki, Azərbaycan höküməti kimisə mənim əleyhimə qaldırması üçün təşviq etməyə qadir hökümətdir və ümid edirəm ki, buna görə həmin adamı "yaxşı mükafatlandırırlar ", o qeyd edib.

Vəkil

Onun sözlərinə görə, işə ilkin baxın oktyabrın 3-nə təyin olunsa da, məhkəmədə onu vəkil Elton Quliyev təmsil edəcək.

"Mən hakimin köməkçisinə dedim ki, məhkəmə olan vaxt havada olacam və ölkəyə axşamüstü qayıdacam. Onlar mənə məhkəməyə çağırışı əlimə verməmiş necə məhkəmə təyin edə bilirlər, onu anlaya bilmədim", Xədicə İsmayıl söyləyib.

Dövlət sirrini yayma maddəsi ilə açılmış iş üzrə bu ilin fevral ayında şahid qismində dindirildiyini bildirən jurnalistin sözlərinə görə, hazırda yeni vəkil axtarışındadır.

"Mən və digər jurnalistlər vəkilsiz qalıblar. Bir çoxlarının hüquqi təmsilçisi yoxdur və bu həm də müdafiə hüququnun və ədalət məhkəməsinə çıxış hüququnun pozulmasıdır. Bununla da bağlı Avropa İnsan Haqları Komitəsi və Avropa Şurası reaksiya verməlidir", o əlavə edib.

İki il öncə Xədicə İsmayılın şantaj hesab etdiyi intim görüntülər yayılıb. Bununla bağlı Baş Prokurorluqda cinayət işi açılsa da, bu günədək istintaqa heç kim cəlb olunmayıb.

Həmin vaxt BBC Azərbaycancaya müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov hadisəni pisləyib.

"Biz hesab edirik ki, bu, bizim təmiz kostyumumuza yapışmış bir saqqızdır və biz onun ləkəsindən qurtarmalıyıq. Amma Xədicə xanımın evinə kameranın yerləşdirilməsilə bağlı istintaq davam edir. O cümlədən Azərbaycan dövlətinin imicinə zərbə vurmaq istəyən qüvvələr bu sırada ola bilər", o bildirib.

Araşdırmaçı-jurnalist isə şanjat olunmasını və görüntülərin yayılmasını onun peşə fəaliyyəti və hakimiyyəti tənqid edən araşdırmaları ilə bağlı olduğunu iddia edir.