Azərbaycan millisinin məşqçisi Berti Vogts istefa verib

Berti Vogts
Şəklin alt yazısı, Berti Vogts şikayətlənib ki, "bir neçə ildir dəfələrlə vurğuladığı fiziki hazırlıq problemi hələ də öz həllini tapmayıb"
Çap edildi

Azərbaycan futbol millisinin baş məşqçisi Berti Vogts istefa verib. Bu, futbol komandasının Xorvatiyaya qarşı 6-0 məğlubiyyətindən sonra baş verib.

Cümə axşamı İsveçrənin Sürix şəhərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevlə baş məşqçi arasında keçirilən görüşdə cənab Vogts "artıq Azərbaycan millisində gələcəyini görmədiyini ... təəssüflə bildirib", AFFA məlumat verir.

Altı il bu vəzifədə olan Berti Vogts oyunçuların Xorvatiya ilə oyunda "əzmkarlıq göstərmədiyini" deyib. Eyni zamanda cənab Vogts şikayətlənib ki, "bir neçə ildir dəfələrlə vurğuladığı fiziki hazırlıq problemi hələ də öz həllini tapmayıb və bu çatışmazlığı qısa müddətdə aradan qaldırmaq mümkün deyil", AFFA məlumat verir.

AFFA prezidenti Rövnəq Abdullayev 67 yaşlı Berti Vogtsa Azərbaycan komandasında fəaliyyətini davam etdirməyi təklif etsə də məlumata görə, Vogts bundan imtina edib.

"Çox böyük nailiyyət olmasa da, Azərbaycan milli komandası seçmə mərhələlərdə ən böyük göstəriciyə [Berti Vogtsun] rəhbərliyi altında nail olaraq 9 xal toplayıb, millimiz FIFA-nın reytinq cədvəlində 73-cü pilləyə qədər yüksəlib".

Azərbaycan millisi hazırda 2016-cı il Avropa Çempionatı üçün kvalifikasiya mərhələsində H qrupunda sonuncu yerdədir və heç bir xal qazana bilməyib.