Rəsul Cəfərovun həbs müddəti daha 3 ay uzadıldı

Rəsul Cəfərov
Çap edildi

Məhkəməyə qədər həbsdə saxlanılan hüquq müsafiəçisi Rəsul Cəfərovun barəsində seçilmiş həbs-qətimkan tədbiri 3 ay uzadılıb.

"Məhkəmə eyni arqumentləri gətirdi. Guya xarici əlaqələri var və azadlıqda olarsa, istintaqda yayına bilər və yaxud şahidlərə təsir edə bilər", BBC Azərbaycancaya Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun (RATİ) hüquqşünası Günay İsmayılova deyib.

"Halbuki Rəsulun işi üzrə bütün şahidlər dindirilib. O sənədləri necə saxtalaşdıra bilər ki, ölkədən çıxışına qadağa qoyulub?" hüquqşünas deyib.

İnsan Haqları Klubu təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur.

Onun sözlərinə görə, məhkəmədə müdafiə tərəfi həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatət qaldırıb, amma bu vəsatət təmin olunmayıb.

Ötən həftə hüquq müdafiəçisi haqqında seçilmiş üç aylıq həbs qətimkan tədbirinin yekunlaşması ilə əlaqədar Cəfərov Baş prokuror Zakir Qaralova da <link type="page"><caption> müraciət</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/10/141016_rasul_jafarov_letter.shtml" platform="highweb"/></link> ünvanlayaraq xahiş edib ki, o, ən azından ev dustaqlığına buraxılsın.

Eyni zamanda Cəfərov həbsdən azadlığa buraxılması üçün prezident İlham Əliyevə müraciət edib.

"Həbsadən buraxılmağa yalnız Sizin köməklik göstərə biləcəyinizi dərk edərək Sizə müraciət etmək qərarına gəlmişəm", müraciətdə deyilir

Sonradan onun Facebook səhifəsində özünün adından yayılan açıqlamada müraciətin "nə əfv ərizəsi, nə də indiyə kimi həyata keçirdiyi layihələrə görə heç bir peşmançılıq mövqeyi əks etdirmədiyi" bildirilib.

Casusluqda ittiham olunaraq iyulun 30-da barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmiş hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun da həbs müddəti bitir.